İqtisadçı Qubad İbadoğlu koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planına münasibət bildirib.
Planı baş nazir Əli Əsədov aprelin 4-də təsdiqləyib. Sənəddə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi; fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi; sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi; dövlət əmlakını icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən (o cümlədən kiçik və orta sahibkarlardan) icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması; zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması); işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi; sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi; əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kilovat-saat həcmində artırılması və başqa məsələlər var.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, tədbirlər planında bank və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqların ləğvi də nəzərdə tutulur: “Bununla əlaqədar iki qeydim var. Birincisi, maliyyə bazarlarına nəzarət orqanına yalnız bank və sığorta bazarının peşəkar iştirakçıları haqq ödəmir. Bu sırada bank olmayan kredit təşkilatları (BOKT), poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçiləri, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları da yer alır. Nədən bu haqqı ödəməkdən yalnız banklar və sığorta bazarının peşəkar iştirakçıları azad olunur, digərləri, məsələn, BOKT-lar yox?
İkincisi, banklar və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqlar ləğv edilirsə, bundan faydalananlar niyə istehlak kreditləri üzrə heç bir güzəşt (kredit tətilləri, kredit ödənişlərindən tam və ya qismən azad olunma və sair) təklif etmirlər? Banklar kapitalından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanına ildə 300 min manatdan 800 min manatadək haqq ödəməlidirlər. Koronavirusa görə irəli düşən banklar istehlak kreditlərinə görə niyə güzəşt təklif etmir? Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə ən qısa müddətdə bu barədə təkliflər verməlidir”.
Qeyd: 2019-cu il noyabrın 28-də imzalanan prezident sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və səlahiyyətləri Mərkəzi Banka verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası prezidentin 3 fevral 2016-cı il fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulmuş, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulmuşdu.
2018-ci il oktyabrın 4-də təsdiqlənən yeni nizamnaməsinə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri (maliyyə bazarları) sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarəti təmin edirdi.