Prezident İlham Əliyev martın 31-də iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. AZƏRTAC-ın məlumatına görə, koronavirus pandemiyasının dünyanın iqtisadi inkişafına böyük zərbə vurduğunu deyən dövlət başçısı qeyd edib ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına böyük problemlər yarada bilər: “Bizim gəlirlərimiz azalır. Buna baxmayaraq bu ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problem olmamalıdır. İlk növbədə bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə, bu layihələrin həyata keçirilməsi, yaxud da təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri eyni zamanda məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi ön plandadır.
Bizim builki iqtisadi dinamikamız çox müsbət idi. Yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft sektorunda 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz artıb. İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olub, yəni gəlirlər inflyasiyanı üstələyib. Eyni zamanda vergi və gömrük orqanları 2 ayda dövlət büdcəsinə böyük məbləğdə vəsait daxil edib. Bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq.
İndi mart ayının yekunları haqqında danışmaq bir qədər tezdir. Adətən Dövlət Statistika Komitəsi birinci rübün başa çatmasından təqribən bir həftə sonra rəqəmləri təqdim edir. Biz bu rəqəmləri təhlil edəcəyik. Ancaq təxmin etmək çətin deyil ki, bu pandemiya iqtisadi inkişafımıza, əlbəttə, böyük əngəl törədir və törədəcək.
Bu pandemiyanın iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün mənim qərarımla Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrıldı. Mənim qərarımla dörd işçi qrupu yaradıldı. Bu işçi qrupların əsas fəaliyyət dairəsi məşğulluq məsələlərini təhlil edib təklif verməkdir, iqtisadi sabitliyi, iqtisadi inkişafı təmin etməkdir, makroiqtisadi sabitliyi qorumaqdır və bizim maliyyə vəziyyətimizi təhlil edib ilin sonuna qədər bu sahədə də lazımi əlavə tədbirlərin görülməsindən ibarətdir. Biz ilk növbədə koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə aldıq. Bu sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq. İqtisadiyyat Nazirliyindən mənə təqdim edilən arayışda göstərilir ki, bu vəziyyətdən hansı sahələr daha çox əziyyət çəkib və bu sahələrdə 300 mindən çox insan çalışır. Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik”.
Mikayıl Cabbarov deyib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əmək haqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi, 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları hazırlanıb: “Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Bu proqramlar fərqli auditoriyalara – işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənməsi təklif olunur.
Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi ilk növbədə mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı da hazırlanıb. Bu proqramın həcmi 500 milyon manat təşkil edir.
Beşinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu, daha da böyük həcmdə olan – 1 milyard manatlıq bir proqramdır. Burada həm qismən dövlət büdcəsinin, həm də Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Burada başlıca hədəf həm biznes subyektlərimizə dəstək verməkdir, eyni zamanda bizim üçün zəruri, çox vacib və əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir.
Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir.
Həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı müəyyənləşdirilib. Bu proqramın həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcəyini güman edirik.
Digər proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. İnsanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Burada biz limitlərin genişləndirilməsini diqqətinizə təqdim edəcəyik.
Nəhayət, bizim bir sıra həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərimiz, dövlət və özəl şirkətlərimiz obyektiv səbəblərə görə fəaliyyətini demək olar ki, dayandırıb, yaxud dondurub. Bu müəssisələrlə də bağlı məqsədli proqram hazırlanıb”.