Martın 24-də Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun həbsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, Tofiq Yaqublu martın 22-si saat 15 radələrində idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Bakının Nizami rayonunun Naxçıvanski küçəsində manevr etmə qaydalarını pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə toqquşub.
Tofiq Yaqublunun həmin vaxt avtomobildən çıxaraq Elxan Cəbrayılovla mübahisə etdiyi, nalayiq ifadələr işlətdiyi, yumruqla onun baş nahiyəsinə və vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirdiyi, Elxan Cəbrayılovun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirdiyi vurğulanır.
Məlumata görə, Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən, Elxan Cəbrayılov və Cəvahir Cəbrayılovanın bədənləri üzərində hadisə zamanı yetirilməyə xarakterik olan xəsarətlər aşkar edilib, toplanmış ilkin sübutların məcmusu Tofiq Yaqublunun cinayət törətməsinə dəlalət etdiyindən o, Nizami Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs qismində həbs edilib.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, Müsavat fəalı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da Müsavat fəalı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.