Martın 23-də Bakının Nizami Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Novator.az-ın məlumatına görə, qərar Nizami Rayon Prokurorluğunun təqdimatı əsasında çıxarılıb. Siyasətçi Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanacaq.
Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq zərər çəkmiş şəxsə zor tətbiqi ilə müşayiət olunduqda iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
Müdafiəçiləri və Tofiq Yaqublu özü ittihamı qəbul etmir, hadisəni qurama sayırlar.
Müsavat Partiyası ittihamların tam uydurma olduğunu bəyan edərək Tofiq Yaqublunun dərhal azadlığa buraxılması tələbi qoyub. Martın 23-də partiya Tofiq Yaqublunun hüquqlarını müdafiə komitəsi yaradıb. Başqan müavini Fərəc Kərimlinin sədrlik etdiyi komitəyə Gülağa Aslanlı, Nemət Kərimli, Səxavət Soltanlı, Osman Kazımov, Mustafa Hacıbəyli, Könül Alı, Elman Quliyev daxildir.
Martın 23-ü axşam bəyanat yayan Demokratik Qüvvələrin Milli Şurası dünya və Azərbaycan ictimaiyyətini hakimiyyətin koronavirus böhranından ölkədə diktaturanı möhkəmləndirmək üçün yararlanmasına imkan verməməyə çağırıb. Qurum hakimiyyətdən yeni repressiyaya başlamaq planından imtina etməyi, Tofiq Yaqublu barəsində ədalətsiz və sifarişli qərarın ləğvini tələb edib: “Hakimiyyət xüsusən indiki həssas dönəmdə Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyətini dərk etməli, ölkədə gərginliyi artıran addımlar atmamalı, anlamalıdır ki, heç bir hədə-qorxu, kütləvi həbs Azərbaycan xalqının ədalət və azadlıqlar uğrunda mübarizəsini durdura bilməz”.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublunun qızı, Müsavat fəalı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.
Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da Müsavat fəalı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqublu Demokratik Qüvvələrin Milli Şurasının ötən il oktyabrın 19-u Bakının mərkəzində keçirdiyi sanksiyasız aksiyada tutularaq 30 sutka inzibati həbs alıb, noyabrın 18-də azadlığa buraxılıb.
Tutulduğu gün Tofiq Yaqublu Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalıb.
Həmin il dekabrın 17-də Tofiq Yaqublu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub. Onun öd kisəsi çıxarılıb.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli də yer alır.