Martın 19-da xalqa müraciət edən prezident İlham Əliyev koronavirus xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan oluna biləcəyini vurğulayıb.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın təhlükəli növü olan koronavirus xəstəliyi daha 191 ölkəyə yayılıb, 14200-ə yaxın şəxs dünyasını dəyişib.
Martın 23-nə olan məlumata əsasən, Azərbaycanda 72 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib, onların 10-u sağalıb, 1-i vəfat edib, 61-i müalicə olunur.
Novator.az bildirir ki, “Fövqəladə vəziyyət haqqında” qanuna görə, Azərbaycanda fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 günü ötə bilməz. Həmin müddət ərzində fövqəladə vəziyyətin tətbiqində nəzərdə tutulan məqsədlərə nail olunmazsa, onun qüvvədə olma müddəti uzağı 60 gün artırıla bilər.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə bu tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
– icra hakimiyyəti orqanlarının, eləcə də yerli özünüidarə orqanlarının səlahiyyətlərinin tam və ya qismən dayandırılması;
– vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;
– ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;
– ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;
– gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;
– yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağa və ya məhdudiyyət qoyulması;
– müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsi;
– nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanması;
– partlayıcı, radioaktiv, eləcə də təhlükəli kimyəvi və bioloji məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin tam və ya qismən dayandırılması;
– fövqəladə hallarla əlaqədar olaraq maddi və mədəni sərvətlərin məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında təhlükəsiz rayonlara köçürülməsi;
– komendant saatının tətbiqi, yəni vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlər və xüsusi icazə vərəqələri olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;
– şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə ilkin senzuranın tətbiqi vasitəsilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti götürülməsi, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilməsi;
– fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;
– vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərin, onların şəxsi əşyalarının və mənzillərinin yoxlanması;
– silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatlarının, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların dövriyyəsi üzrə xüsusi rejimin yaradılması; müstəsna hallarda fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti götürülməsinə yol verilməsi;
– fövqəladə vəziyyət rejimini pozan və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin onların öz hesabına, maddi imkanları olmadıqda isə dövlət büdcəsinin vəsaiti hesabına (bu vəsaitin sonradan qaytarılması şərti ilə) həmin ərazinin hüdudlarından çıxarılması;
– stasionar və ya müvəqqəti yaşayış yerləri ilə mütləq şəkildə təmin olunması şərti ilə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi;
– karantin tətbiq edilməsi, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin həyata keçirilməsi;
– dövlətin maddi ehtiyatlarının cəlb edilməsi, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin resurslarının səfərbər olunması, onların iş rejiminin dəyişdirilməsi, göstərilən təşkilatların istehsalının fövqəladə rejim şəraitinə uyğunlaşdırılması və fövqəladə rejim şəraitində istehsal-təsərrüfat fəaliyyətinin münasib surətdə dəyişdirilməsi;
– fövqəladə vəziyyətin qüvvədə olduğu dövr ərzində öz vəzifələrini layiqincə yerinə yetirməyən dövlət təsisatlarına rəhbərlik edən şəxslərin vəzifədən azad edilməsi və vəzifələrin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması;
– əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərti ilə qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müstəsna hallarda əmək qabiliyyətli əhalinin səfərbər olunması və vətəndaşların nəqliyyat vasitələrinin cəlb edilməsi;
– rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara riayət olunması;
– fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi.
Müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının aktları fövqəladə vəziyyətin tətbiq olunduğu ərazidə bu rejimin tətbiqi barədə normativ hüquqi akta zidd olarsa, onların qüvvəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dayandırıla bilər.
Fövqəladə vəziyyət rejimini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələrindən istifadə olunur.