Prezident İlham Əliyev Cinayət Məcəlləsinə 139-1-ci maddənin əlavə olunmasını nəzərdə tutan qanunu imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi də yenilənib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.
Həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər edilib. Yeniliyə görə, 13-2-ci maddə “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması” adlandırılır.
13-2.3-cü maddənin yeni redaksiyasına əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir.
Yayılması qadağan edilən informasiyaların sırasına insanların həyat və sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar əlavə olunur.
Başqa bir dəyişikliyə görə, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərini də əhatə edir.
İnzibati Xətalar Məcəlləsində bununla bağlı yeniliyə əsasən, yasaqları pozan fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək miqdar cərimələnəcək, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanuna dəyişiklik də rəsmiləşib.
2015-ci il noyabrın 1-dən tətbiq edilən qanun Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla yoxlamaları 2021-ci il yanvarın 1-dək yasaqlayır.
Prezidentin imzası ilə qüvvəyə minən yeniliyə görə, nəzərdə tutulmuş müddətdə özəl tibb fəaliyyətinin subyektlərində yoxlamalar mümkün olacaq.
İndiyəcən qanun vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət üzrə yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparmaq imkanı verirdi.