Martın 19-u London birjasında brent markalı neftin barreli 25,89 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 22,65 dollara satılır.
“AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 24,53 dollar qiymət qoyulub.
Azərbaycanın 2020-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77 dollarla başlayıb.
Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan iqtisadçı Qubad İbadoğlu qeyd edir ki, dünya bazarında xam neftin kəskin ucuzlaşması bəzi tədarükçüləri ziyana salır: “Hazırkı qiymət Rusiyanın neft ixracından zərərlərini artırır. Hesablamalara əsasən, bu qiymətə Rusiyanın neft şirkətləri hər ay 4,5-5 milyard dollar ziyana düşə bilər. Qiymət uzun müddət belə qalsa, Rusiyanın neft ixracından illik zərərinin 55 milyard dollar ətrafında olması gözlənir.
Qiymətin 20 dollardan aşağı düşməsinin Azərbaycanı da ziyana salması mümkündür. İndiki qiymət Azərbaycan neftinin satışından yalnız cüzi mənfəət əldə etməyə imkan verir.
Neft bazarında əsas tədarükçülərdən olan Səudiyyə Ərəbistanının ixracı gündəlik 7 milyondan 9 milyon barrelə qaldırması, satışların və sifarişlərin həcminin azalması vəziyyəti xeyli gərginləşdirib. Bu gedişlə qlobal iqtisadiyyat tənəzzülə qədəm qoyur. Odur ki, bahalı neft ixracatçılarının, xüsusilə də Rusiyanın qara günləri qabaqdadır.
Rusiyanın quruda çıxardığı xam neftin hasilat və daşınma dəyəri hər barrelə görə 30 dollardır. Bir barrel xam neftin hasilatı Qazaxıstanda 16, İranda 15, İraqda 7, Birləşmiş Ərəb Əmirliklərində 6, Səudiyyə Ərəbistanında 3 dollara başa gəlir.
Azərbaycanda BP-nın istehsal etdiyi xam neftin barreli alıcıya çatdırılma müqavilələri üzrə xərclər nəzərə alınmaqla 15 dollardır. Dövlət Neft Şirkəti isə 2018-ci ildə 1 ton neftin istehsalının maya dəyərini 117,9 manat göstərib. Bu o deməkdir ki, dünya bazarında neftin barreli 20 dollara düşsə, Azərbaycanın neftdən qazancı olmayacaq”.