Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Azərbaycan hakimiyyətinin jurnalist Əfqan Muxtarlını azad etməsini alqışlayıb. “Turan”ın məlumatına görə, məruzəçi bəyanatında həmçinin qeyd edib ki, Azərbaycan hakimiyyəti ölkənin Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməsi, bütün siyasi məhbusları azad etməsi və bu sahədəki əsas sistemli problemləri həll etməsi üçün qətiyyətli addımlar atmalıdır.
Əfqan Muxtarlı martın 17-si həbsdən buraxılaraq Bakıdan Almaniyanın paytaxtı Berlinə aparılıb. Həmin gün Suraxanı Rayon Məhkəməsi 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalistin müraciətinə baxaraq onun cəzasının qalan hissəsini cərimə ilə əvəzləyib.
1974-cü il təvəllüdlü Əfqan Muxtarlı 2017-ci il mayın 29-da ailəsi ilə birgə yaşadığı Gürcüstanın paytaxtı Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları bəyan edib ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb. Dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinən jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva və qızı Nuray 2017-ci ildən Almaniyada yaşayırlar.
Bəzi yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda 100-dən çox şəxsi siyasi məhbus sayır. Onların siyahılarında jurnalist və bloqçular, siyasi və ictimai fəallar, inanclı fəallar və başqaları yer alır.
Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il iclasında Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə qəbul edilib. Azərbaycanda siyasi məhbuslar üzrə islandiyalı məruzəçisi Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamədə Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti təmsilçilərinin siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə tutulanların hamısını azad etmək, siyasi məhbus problemini birdəfəlik aradan qaldırmaq təklif olunub.
Novator.az bildirir ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.