Prezident İlham Əliyev martın 16-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edib. AZƏRTAC-ın məlumatına görə, Sahil Babayev deyib ki, 2019-cu ildə həyata keçirilən sosial islahatlar paketinin önəmli bir istiqaməti pensiyalar olub: “Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu. Əməkhaqqı artımlarına görə xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz yüksəldi.
Bu il bütün pensiyalar 16,6 faiz indeksləşdirildi, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır”.
Nazir qeyd edib ki, sosial yardım mexanizmi ötən il ərzində ciddi şəkildə genişlənib: “2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda artıq ailələrin sayı 72 min oldu. Yəni bir il ərzində çox ciddi şəkildə, təqribən 60-70 faizlik bir artım əldə edildi. Bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Kriteriyaların yumşaldılması və bu istiqamətdə əhaliyə dəstək verilməsi barədə tapşırığınız olmuşdu. Artıq ötən il bir sıra istiqamətlərdə addımlar atıldı, torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olundu, sırf o islahatın nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil ola bildi. Bu il üçün də kommunal xərclərin limitinin artırılmasına dair təkliflər hazırlanıb və müzakirə olunur. Qanunvericiliyə edilən dəyişikliklərlə 85-90 min ailənin məhz ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasını təmin edəcəyik.
Ehtiyac meyarının bir il ərzində ciddi şəkildə – 10 faizdən çox artırılması, 143 manatdan 160 manata çatdırılması imkan verdi ki, ünvanlı sosial yardımın məbləği də artsın. 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün proqnozlarımıza əsasən, bu rəqəm 215-220 manat arasında olacaq”.
Sahil Babayev özünüməşğulluq proqramının əhalidə çox böyük maraq oyatdığını vurğulayıb: “Məşğulluq proqramında iştirak etmək niyyəti olan insanlar çoxdur. 50 minə yaxın müraciət var. Ona görə də biz orada prioritetləşməni bu şəkildə qoyduq ki, əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara üstünlük verək. 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə 7 min, 2019-cu ildə 10 min ailəni əhatə etdi. Bu il üçün biz 11 mini hədəf müəyyən etmişik”.