Natiq Cəfərli
Nazirlər Kabinetinin koronavirus təhlükəsi fonunda məhdudlaşdırıcı qərarlarından sonra yeni durum yaranıb. Bu vəziyyətdə hər kəs məsuliyyətini dərk etməlidir.
Bizdə iqtisadi vəziyyətin ağırlığı daha çoxdur, neftin kəskin ucuzlaşması və uzun müddət aşağı səviyyədə qalması ehtimalı koronavirus təhlükəsi ilə birləşdi – bu, iqtisadi proseslərə daha ağır təsir göstərəcək.
İlk növbədə hökumət vətəndaşlarla effektiv və inandırıcı kommunikasiya xətti qurmalıdır – rəsmilərə cəmiyyətdə ciddi inamsızlıq problemi var. Televiziyalarda avara şou proqramlardan daha çox maarifləndirən və vəziyyəti izah edə bilən proqramlar, müzakirələr, inandırıcı debatlar olmalıdır.
Sərhədlərin vətəndaşlar üçün bağlı olması mallara aid deyil, Gürcüstandan məhsulların ölkəyə daxil olması davam edəcək, hətta İrandan da yüklər gəlir. Rusiya ilə sərhəd isə hələ açıqdır, deməli, ərzaq və gündəlik tələbat mallarının ölkəyə gətirilməsində ciddi problemlər olmayacaq. İnsanlara bunu sadə dildə izah edə bilmirlər deyə vətəndaşlar marketlərə axın edib əllərinə keçən hər şeyi alırlar. Bu isə o deməkdir ki, həm qiymət artımı ola bilər, həm də ölkədən valyuta çıxışı sürətlənər. Onsuz da manata ciddi basqı var, bir müddət sonra məzənnəni süni şəkildə indiki səviyyədə saxlamaq mümkün olmayacaq, market ajiotajı bu prosesi daha da sürətləndirir, çünki məmləkət olaraq özümüz adi tualet kağızı belə istehsal edə bilmirik.
Ölkədə biznes sahələrinə, özəl sektora böyük ziyan dəyir, dəyəcək. Turizm sektoru çöküb, öz gücünə ayaqda qalması mümkün görünmür. Rəsmi rəqəmlərə görə, bu sahədə 23 min insan çalışır, amma real rəqəm bundan azı iki-üç dəfə çoxdur, çünki heç də bütün işləyənlər rəsmi müqavilə bağlamır. Bu gedişlə on minlərlə insan bu sahədə işini itirə bilər, ilk addım kimi bütün turizm obyekt və şirkətlərinə azı 6 aylıq “vergi tətili” verilməli, onlar bütün növ vergilərdən azad edilməlidir.
Hökumətin qərarı ilə kafe və restoranlar ancaq saat 21-ə qədər çalışa bilər, bu dönəmdə hətta açıq olduqları saatlarda insanlar belə obyektlərə çox az gedəcək, deməli, onların da böyük itkiləri olacaq. İctimai iaşə obyektlərinə də 6 aylıq “vergi tətili” verilməlidir, bu sahədə çalışanların sayı daha çoxdur, əksəriyyəti də qeyri-rəsmi çalışır. Onlar da işsiz qala bilər, çünki obyekt işlədənlər ilk olaraq xərclərini azaldacaq, bunun da ən asan yolu işçi ixtisarlarıdır.
Amma bu məsələdə hökumətin atmalı olduğu addımlar azdır, belə obyekt sahibləri, öz əmlakını işlətmək üçün icarəyə verənlər icarə haqqını ən azı 50% azaltmalıdırlar. Obyekt sahibləri anlamalıdırlar ki, 6 ay daha az gəlir götürmələri aylarla obyektlərinin tam boş qalmasından daha məntiqlidir.
Vətəndaşların üzərinə də məsuliyyət düşür, ilk əvvəl yoxlanmamış və təşvişə səbəb ola biləcək yalan məlumatları tirajlamaq olmaz, marketlərdən mal alarkən daha rasional davranmaqda da yarar var – 1 həftə, 10 günlük yetəcək qədər bazarlıq etmək kifayətdir, 2-3 aylıq azuqə ehtiyatı yığmağa çalışmaq məntiqsiz və ziyanlı davranışdır.
Bir sözlə, hamımız ağıllı, məntiqli davransaq virus bəlasından daha az ziyanla çıxa bilərik. Dünya iqtisadiyyatı bu il çətin özünə gəlsin, bu məqamı da unutmayaq, iqtisadi fəsadlar daha uzunmüddətli olacaq…