“Biz çox fəal dialoq aparırıq”. Martın 11-i Bakıda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşlərdən sonra mətbuata bəyanatla çıxış edən dövlət başçısı İlham Əliyev belə deyib.
Prezident qeyd edib ki, həmkarı ilə danışıqlarda qarşılıqlı fəaliyyətin geniş gündəliyi bir daha nəzərdən keçirilib: “Əməkdaşlığımızın strateji inkişafına sadiq qaldığımızı təsdiqlədik və bu gün imzalanmış sənədlər onsuz da çox geniş olan müqavilə-hüquq bazasını tamamlayır. Mənim Türkmənistana rəsmi səfərim zamanı 20-dən çox, bu gün isə 20-yə yaxın sənəd imzalanıb. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlərin təxminən yarısı deməkdir və onu göstərir ki, son il yarım ərzində biz müqavilə-hüquq bazasının möhkəmlənməsi baxımından çox böyük yol keçmişik.
İmzalanmış sənədlər arasında dövlət başçılarının birgə bəyanatını xüsusi qeyd etmək istərdim. Bu sənəddə bizim niyyətlərimiz, dünyada, regionda vəziyyətə verdiyimiz qiymət və gələcəyə istiqamətlənməyimiz öz əksini tapıb. Bəyanatın mühüm bəndlərindən biri ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir.
İqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq. Bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Bu gün həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik.
Enerji sektoru ilə bağlı məsələlər barədə də danışdıq. Burada da yaxşı nəticələr var, çoxdan əməkdaşlıq edirik.
Biz çox fəal dialoq aparırıq. Keçən il prezidentlər həm Bakıda, həm də Aşqabadda görüşüblər. İnişil mənim rəsmi səfərim çox uğurlu olub”.
Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın regionda Türkmənistan üçün strateji tərəfdaş olduğunu vurğulayıb: “Bizim mövqelərimiz çox cəhətdən oxşardır. Bütün dünyada və regionda, – mən Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturam, – sabitliyin və təhlükəsizliyin tərəfdarıyıq. Bu tədbirləri məhz beynəlxalq strukturların – Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının himayəsi altında, Müstəqil Dövlətlər Birliyinin və digər beynəlxalq qurumların xətti ilə həyata keçiririk. Azərbaycana təşəkkür edirik ki, o, beynəlxalq arenada Türkmənistanın bütün mövqelərini dəstəkləyir.
Bu gün biz iqtisadiyyatımıza aid məsələləri də nəzərdən keçirdik. Energetika sahəsi üzərində prioritet məsələ kimi dayandıq. Həm Türkmənistan, həm də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin, özünü təmin edən dövlətlərdir. Biz bu ehtiyatların şaxələndirilməsinin tərəfdarıyıq. Belə bir ideya irəli sürürük ki, bu şaxələndirmə istehsalçı, daşıyıcı və son istehlakçı arasında paritet əsasda qurulmalıdır. Razılaşdıq ki, bundan sonra da qaz, neft-kimya və başqa sahələr üzrə birgə işləyəcəyik. Həmçinin tekstil sənayesi, aqrosənaye kompleksi, habelə nəqliyyat-tranzit dəhlizinin inkişafı məsələlərinə diqqəti cəlb etdik.
Özəl sektora aid məsələlərə də toxunduq. Yəni kiçik və orta sahibkarlıqdan başlayaraq biznes elitasına aid məsələləri müzakirə etdik və bu nəticəyə gəldik ki, biz həmin sahibkarlar arasında işgüzar şura yaradacağıq. Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə də razılaşdıq. Bu, əmtəə dövriyyəsinin artırılması üçün bizə daha yaxşı imkanlar yaradacaq. Türkmənistanın və Azərbaycanın hələ istifadə edilməmiş potensialı var”.