Nazirlər Kabineti qlobal enerji bazarında vəziyyət və onun Azərbaycan iqtisadiyyatına təsirinə dair müşavirədən rəsmi məlumat yayıb.
Martın 11-də keçirilən müşavirədə baş nazir Əli Əsədov, prezidentinin köməkçisi, administrasiyanın iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və baş nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.
Əli Əsədov dünya bazarında neftin kəskin ucuzlaşması fonunda maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artdığını deyib: “İlin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri var. Lakin ölkəmizin iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. İqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faizdir”.
Əli Əsədov əlavə edib ki, dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.
Elman Rüstəmov neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar valyuta bazarında hiss olunan gərginliyə toxunub: “Bizim böhranı idarə etmək təcrübəmiz var. Digər tərəfdən neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Təxminən 10 milyard dollar artım var. Bu, belə situasiyalara təsir etmək imkanı verir. Dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin ticarət, tədiyyə balanslarına əhəmiyyətli təsir etməyib”.
Baş nazirin “Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və “Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır: “Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib. Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənib.
Bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur.
Bunlara baxmayaraq banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Hökumətin tapşırığı ilə bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcək”.
Mikayıl Cabbarov deyib ki, bu gün ölkə iqtisadiyyatına əsasən koronavirus epidemiyası və OPEK+ sövdələşməsinin baş tutmaması amilləri təsir edir: “Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlığını saxlayır. Ötən iki ayda ümumi daxili məhsulun artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ümumi daxili məhsulun artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb.
Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib.
Cari ilin ilk iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.
İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti mövcuddur. Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”.
Samir Şərifov qeyd edib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarır: “Cari il üçün təsdiq olunmuş dövlət büdcəsində gəlirlərin əsas mənbəyi vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gəlirlərinin formalaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə, neftin qiyməti endiyinə görə onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3 faizi səviyyəsindədir.
Cari ilin ilk iki ayında vergi orqanları üzrə proqnoz göstəricilər artıqlaması ilə icra olunub. Gömrük orqanları da daxilolmaları artıqlaması ilə icra edib.
Büdcənin formalaşmasında Dövlət Neft Fondundan olan transfert mühüm rol oynayır. Bu transfertin də dövlət büdcəsinə daxil olması təmin edilir. Yəni hazırkı dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb və hər hansı ciddi təsirlər müşahidə edilməyəcək”.
Şahmar Mövsümov 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı. “Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur”.
Müşavirədə Mərkəzi Banka və Dövlət Neft Fonduna valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görmələri tapşırılıb, həmçinin qeyd edilib ki, əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir.