Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası ölkə konstitusiyasına dəyişikliklər layihəsini qəbul edib. Səsvermə martın 11-də keçirilib.
Həmin gün daha əvvəl aşağı palata – Dövlət Duması layihəyə son oxunuşda xeyir-dua vermişdi.
Qaydaya əsasən, indi dəyişikliklər layihəsi federasiya subyektlərinin qanunverici orqanlarından keçməli, bundan sonra həmin qərarlar Federasiya Şurasında təsdiqlənməlidir.
Layihəni aprelin 22-də ümumxalq səsverməsinə – referenduma çıxarmaq nəzərdə tutulur.
Novator.az-ın məlumatına görə, layihə ölkədə azı 25 il daimi yaşamamış, başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə daimi yaşamaq hüququ almış şəxsin Rusiya prezidenti postuna namizədliyinə yasaq qoyur.
Layihəyə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən sonra prezident seçiləcək şəxslərə şamil olunur və indiki dövlət başçısı Vladimir Putin növbəti iki prezident seçkisinə qatıla bilər.
Digər təklifə əsasən, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri Dövlət Duması təyin edəcək.
Federasiya Şurası xarici işlər, müdafiə, ədliyyə, daxili işlər, fövqəladə hallar nazirlərinin təyinatına razılıq vermək səlahiyyətləri alır.
1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.
1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci il seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.