Azərbaycana rəsmi səfərə gələn Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-i Bakıda həmkarı İlham Əliyevlə təkbətək görüşüb.
AZƏRTAC-ın məlumatına görə, ali qonağı salamlayan İlham Əliyev deyib ki, səfər siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqun davamıdır: “Sizin görüşünüzə hazırlaşarkən əməkdaşlığımıza dair informasiya ilə bir daha tanış oldum. Biz çox müsbət dinamika müşahidə edirik. Dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda – Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək”.
İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov nümayəndə heyətlərinin iştirakı ilə də bir araya gəliblər.
Bunun ardınca prezidentlər birgə bəyanat imzalayıblar. İmzalanan digər sənədlər bunlardır:
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın “Türkmənhavayolları” Agentliyi arasında protokol”;
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Milli Kitabxanası ilə Türkmənistan Mədəniyyət Nazirliyinin Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Kitabxanası arasında kitabxana işi sahəsində anlaşma memorandumu”;
“Bakı Dövlət Universiteti ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında əməkdaşlıq haqqında protokol”;
Rabitə operatorları “AzərTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Türkməntelekom” Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın “Türkmen Aragatnaşyk” Agentliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında protokol”;
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında saziş”;
“Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında anlaşma memorandumu”;
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dillər, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlıq haqqında saziş”;
“Azərbaycan Respublikasında İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkmənistanın Ticarət-Sənaye Palatası arasında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 19 may 2008-ci il tarixli sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında protokol”.