9 ildir Suriyada vətəndaş müharibəsi gedir. 2011-ci ildə ölkədə prezident Bəşər Əsədin hakimiyyətdən getməsi tələbi ilə xalq hərəkatı başlandı, sonradan bu hərəkat vətəndaş müharibəsinə çevrildi. Xarici dövlətlərin də cəlb olunduğu müharibə nəticəsində ölənlərin sayı yüz minlərlə, qaçqın düşənlərin sayı milyonlarla ölçülür.
Hazırda Suriya ərazisinin müxtəlif bölgələrinə müxtəlif qüvvələr (hökumət qüvvələri və digər silahlı qruplar, o cümlədən terrorçular) nəzarət edir.
Suriyada ayrı-ayrı silahlı qruplara qoşulub döyüşənlər arasında Azərbaycan vətəndaşları da var. Onların bəzisi Suriya ərazisinə ailəliklə keçib. Valideyninin səhvi, günahı, cinayəti ucbatından (Azərbaycanın Cinayət Məcəlləsinə görə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək ağır cinayət sayılır) neçə-neçə azərbaycanlı uşaq hələ də Suriya ərazisində qalıb, əziyyət çəkir.
Belə uşaqların ölkəmizə gətirilməsi üçün iş aparıldığı haqda rəsmi xəbərlərə rast gəlmək olur. Ancaq həmin uşaqların Azərbaycandakı qohumları narazıdır, onlar işlərin effektiv aparılmadığını düşünürlər.
İctimaiyyətin böyük əksəriyyətinin xəbəri yoxdur: Suriyada qalan azərbaycanlı uşaqların qohumları Vətəndə “Birlik” adlı qurum yaradıblar. Məqsəd uşaqların Azərbaycana gətirilməsinə nail olmaqdır. Bu məqsədlə müxtəlif dövlət orqanlarına müraciətlər etmiş “Birlik” qrupunun üzvləri problemin ictimailəşdirilməsini, onların səsini prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın eşitməsini istəyirlər.
“Birlik” qrupunun iki üzvündən – Yaqub Haqverdiyev və Aidə Əliyevadan açıqlama almışam. Onlar Suriyada qaçqın düşərgəsində çətin şəraitdə qalmış azərbaycanlı uşaqların fotoşəkillərini də təqdim ediblər.
Yaqub Haqverdiyev:
– Sumqayıtda yaşayan yaxın qohumum Aygün 2013-cü ildə bir neçə dəfə Türkiyəyə işlə bağlı səfər etdi, sonra geri döndü. Bu vaxt onun yoldaşı Rusiyada həbsxanada idi. Növbəti dəfə o, Azərbaycanı uşaqları ilə bir yerdə tərk etdi. Bir neçə aydan sonra Suriyaya getdiyi məlum oldu. Nə qədər bizə peşman olduğunu bildirsə də, oradan qayıda bilmədi. Yoldaşı həbsxanadan azad olandan sonra Suriyaya uşaqların dalınca gedib və o da qayıtmayıb.
2017-ci ildə onun oğlu Mikayıl Suriyada Rusiya təyyarələrinin bombardmanı nəticəsində həlak olub, onun heç tikəsi də tapılmayıb. Həmin bombardmanda Aygünün yoldaşı Faiq ağır yaralanıb, iki aydan sonra ölüb. Dörd uşaqla qalan Aygün isə 2019-cu il yanvarın 5-də minaya düşüb, hər iki ayağını itirib, üç gün sonra dünyasını dəyişib.
Hazırda dörd uşaq – Mədinə, Yaqub, İzza və Sevda Suriyada “Əl-Holl” qaçqın düşərgəsindədir. Sevda Mikayılın qızı, Aygünün nəvəsidir. Bu dəqiqə uşaqların vəziyyəti çox ağırdır, qorxu içində qalırlar, hava çox soyuqdur. Aclıq çəkir, tibbi yardım ala bilmirlər. Bilmirəm Beynəlxalq Qırmızı Xaç Komitəsinin qüvvəsi çatmır, yoxsa nədəndir, onlara yardım tam göstərilmir.
İki yaşlı Sevda ağır xəstələnmişdi. Onu Beynəlxalq Qırmızı Xaç Təşkilatı apardı və bir neçə aydan sonra ağır vəziyyətdə qaytardılar.
Orada azərbaycanlı xəstə uşaq və qadınlar az deyil, amma onlara tibbi yardım göstərilmir. Çoxlu ölən də var.
“Əl-Holl”qaçqın düşərgəsini bir xərçəng şişi kimi dəyərləndirirəm. Təcili olaraq Azərbaycan vətəndaşlarının xilasetmə əməliyyatı keçirilməli, oradakı bütün vətəndaşlar öz ölkəsinə qayıtmalıdır. Orada 75 min insan kürd silahlılarının əsiridir. Azərbaycandan orada 358 qadın və uşaq tapılıb. Onlardan 251 nəfəri uşaqdır. Ora ilə həftədə bir dəfə əlaqə saxlayırıq. Suriyada olan Azərbaycan vətəndaşlarının qohumları yığışıb “Birlik” qrupu yaratdıq. Məqsədimiz orada qalan qadın və uşaqların Azərbaycana gətirilməsinə nail olmaqdır.
Dövlət orqanlarına müraciət etsək də, müsbət nəticə hələ yoxdur.
“Roj” qaçqın düşərgəsində 20 azərbaycanlı var. 25 min üçün nəzərdə tutulan “Əl-Holl” qaçqın düşərgəsində hazırda 75 mindən çox insan acınacaqlı vəziyyətdə qalır. Bir çox ölkə öz vətəndaşlarının çox hissəsini, Qazaxıstan hətta bütün vətəndaşlarını oradan çıxarıb. Hazırda Rusiya xilasetmə əməliyyatları keçirir, öz azyaşlı vətəndaşlarını “Əl-Holl” qaçqın düşərgəsindən çıxarır.
Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyevadan orada olan vətəndaşlarımızın, xüsusilə heç bir himayəsi olmayan 38 nəfər yetim qalmış uşağın Azərbaycana gətirilməsinə yardım etmələrini xahiş edirəm.
Aidə Əliyeva:
– Mənim çox yaxın qohumum Sabina öz ailəsi ilə 2014-ci ilin yayında Azərbaycanı tərk edib. Biz uzun müddət onların Türkiyədə yaşadığını və çalışdığını düşünürdük.
Əslində yoldaşı Naid əvvəl çıxıb getmişdi, ara-sıra zəng vururdu. Sonra qohumum da uşaqları götürüb Türkiyəyə getdi. Yoldaşının Suriyaya getmək istəyindən xəbərsizmiş.
Bir müddət sonra onlar yoxa çıxdılar, nə qədər çalışsaq da, əlaqə yarada bilmədik. Haradasa 1 il 8 ay sonra ailənin Suriyada olduğu aşkarlandı. Bizə şəkillər də gəlirdi. Sonra yenə yoxa çıxdılar. 10 ay öncə Naid və Sabinanın öldüklərini bildik.
Ora gedən dörd uşaqdan ən böyüyü də həlak olub, üçü isə sağdır. Onlar “Əl-Hol” düşərgəsində kürd silahlı birləşmələrinin əsiridirlər. Uşaqlardan biri hətta orada doğulub.
Düşərgədə vəziyyət acınacaqlıdır. Uşaqlar ölüm təhlükəsi ilə üz-üzədirlər. Böyük qız Azizanın bir böyrəyi süzmür deyə təbii ehtiyacını yalnız kateterin köməyi ilə ödəyir, yeriyə bilmir, vəziyyəti çox ağırdır. Beynəlxalq Qırmızı Xaç Təşkilatının nümayəndələri də ora gec-gec baş çəkir, dərman preparatlarını kürdlərə təhvil verir, onlar da xəstələrə dərmanı cirə ilə verirlər.
Ərzaq da çatmır. Kürd silahlıları yardım üçün verilmiş çadırları 100 dollara satırlar. İstədikləri vaxt çadıra girib 10 yaşından yuxarı oğlan-qız uşaqlarını yığıb aparır, zorakılıq edirlər.
Suriyada yetim və himayəsiz qalmış uşaqların ən yaxın qohumları bir araya gəlib qrup yaratmışıq. Mən də bu qrupun fəallarından biriyəm. Həm “Vatsap” qrupumuz var, həm də bir yerə toplaşırıq. Xarici İşlər Nazirliyinə, ombudsmana, hər yerə müraciət etmişik, amma problem həllini tapmır.
Mən uşaq qohumlarımın taleyindən narahatam. Çox xahiş edirəm ki, kimin buna gücü, imkanı çatırsa, xüsusilə də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bizə kömək etsin. Biz o uşaqları qəyyumluğa götürüb düzgün tərbiyə etməyə hazırıq”.
Kamran Nasir