Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan (Ağabalayeva) 3 il müddətinə azadlıqdan məhrum edilib.
Report.az-ın məlumatına görə, hökm bir müddət qabaq Nərimanov Rayon Məhkəməsində çıxarılsa da, Şəfəq Ağacanın 3 il müddətinə azadlıqdan məhrum edildiyi ictimaiyyətə yalnız indi – hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən bilinib.
Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır.
Nərimanov Rayon Məhkəməsi Şəfəq Ağacanı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilib.
Şəfəq Ağacan 2019-cu il mayın 1-dən həbsdədir. İttihama görə, o, paytaxtın Nərimanov rayonunda çəkisi 311 qramdan çox olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən yaxalanıb.
Jurnalist ittihamı qəbul etmir, şərləndiyini deyir.
Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan Bakı Slavyan Universitetini filoloq ixtisası ilə bitirib. 10 il Sumqayıtdakı 27 saylı orta məktəbdə rus dili müəllimi işləyib, sonradan jurnalist fəaliyyəti ilə məşğul olub.