“Ən ağır günlərdə heç kim bizə kömək etməyib”. Prezident İlham Əliyev martın 4-ü Tovuzdakı “ASAN Həyat” kompleksinin açılışında belə deyib.
AZƏRTAC-ın arayışına görə, kompleks Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 18-ci mərkəzidir, əsasən Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək.
Komplekslə tanışlıqdan sonra dövlət başçısı “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşüb. O deyib ki, ölkədə korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır: “Kim bunu bu günə qədər başa düşməyibsə, gərək başa düşsün. Bu mübarizə davam etdiriləcək. Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda sistem xarakterli tədbirlər olmalıdır. Onlardan biri və bəlkə də birincisi “ASAN xidmət”də yaradılmış qaydalardır. Çünki burada imkan da yoxdur. Gənclər artıq bu ruhda tərbiyə olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə kömək etməyə hazır olmaq – bütün bunlar insanların formalaşması üçün çox önəmli amillərdir. Ona görə “ASAN xidmət” haqqında danışanda vətəndaşlara göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq. Bu, daha dərin, daha geniş məna daşıyan çox ciddi bir hərəkatdır və bizim siyasətimizi əks etdirən hərəkatdır.
Gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər. Buna nail olmaq üçün ilk növbədə bilikli, savadlı və vətənpərvər olmalısınız. Bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur.
Bu gün dünyada gedən proseslər gözümüzün qabağında baş verir. Yeni münaqişə ocaqları, yeni müharibə ocaqları, yeni köçkün dalğası, ziddiyyətlər, kütləvi etirazlar, polis zorakılığı, dinc nümayişçilərə qarşı amansız zorakılıq göstərilməsi, minlərlə nümayişçinin həbs edilməsi, onların öldürülməsi – bunlar inkişaf etmiş ölkələrdə baş verir, hansısa geridə qalmış ölkədə deyil. Bunun səbəbləri var. Səbəblər də kütləvi narazılıqdır. Bunun da səbəbləri var. Bu, təkcə maddi amillərlə məhdudlaşmır. Ədalətsizlik, hakimiyyətlə xalq arasındakı uçurum, təbəqələşmə, sosial problemlərin həll edilməməsi…
Belə bir mənzərə fonunda Azərbaycanda mövcud olan əmin-amanlıq, sabitlik, inkişaf bizim böyük sərvətimizdir və bunu biz özümüz qazanmışıq, heç kim bizə kömək etməyib. Ən ağır günlərdə heç kim bizə kömək etməyib. Mən istəyirəm ki, gənclər bunu bilsinlər. Nəyi əldə etmişiksə, öz gücümüz, cəsarətimiz, istedadımız hesabına əldə etmişik.
Xalqımız uzun əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb. Müstəqillikdən, azadlıqdan mərhum olub, başqalarının diktəsi ilə yaşayıb. Biz artıq 30 ilə yaxındır müstəqil ölkə kimi yaşayırıq və əbədi yaşamalıyıq. Bundan sonra heç vaxt müstəmləkə olmamalıyıq. Buna nail olmaq üçün iqtisadi, hərbi, mənəvi gücümüz, dəyərlərimiz olmalıdır, var və hər şeydən üstün olmalıdır”.