2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Azərbaycan neftinin barreli ilə 70,04 dollarla başlayıb, hazırda isə qiymət 54,32 dollardır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu yaxınlarda deyib ki, Azərbaycanda neftin barrel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitet yaranıb.
İqtisadçı Natiq Cəfərli bu nikbinliyi bölüşmür. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan çox asılıdır və neftin qiyməti 35-40 dollara düşüb 6-7 ay həmin səviyyədə qalsa, ölkə iqtisadiyyatı çökər: “2019-cu ildə ölkənin xarici ticarətinin müsbət saldosu 5,9 milyard dollar olub. İxracın 14,8 milyard dolları xam neft, 979 milyon dolları neft məhsulları, 2,3 milyard dolları isə təbii qaz kimi rəsmiləşib. Bu üç istiqamət üzrə cəmi ixrac 18,1 milyard dollar göstərilib. Ümumi ixracımızdan bu rəqəmi çıxanda yerdə cəmi 1,5 milyard dollar qalır.
2019-cu ildə Azərbaycan neftinin orta qiyməti 69 dollar ətrafında olub, xam neftdən gələn vəsait 15 milyard dollara yaxınlaşıb. Neft 30 dollara qədər ucuzlaşsa, 2020-ci ilin orta qiyməti 35 dollara yaxın olsa, neftdən gəlir bu il cəmi 7 milyard dollara yaxınlaşacaq.
Neftin ucuzlaşanda neft məhsullarının və təbii qazın da qiyməti enir. Deməli, neft 30-35 dollar olsa, neft məhsulları və qaz üzrə 2019-cu ildə daxil olmuş 3,3 milyard dollarlıq vəsait də yarıbayarı azalacaq, ümumi ixracımız 10-11 milyard dollar ətrafında reallaşacaq.
İdxalımızın isə 2020-ci ildə 14 milyard dollar olması gözlənir, deməli, 30 dollar ssenarisi baş tutsa, ölkənin ticarət dövriyyəsində 4 milyard dollarlıq mənfi saldo yaranacaq.
Digər ciddi amilləri də nəzərə almaq lazımdır. Neft 30-35 dollara düşsə, maliyyə bazarında ciddi təşviş yaranacaq, əldə olan sərbəst manat kütləsi dollara yönələcək, ölkədən valyuta qaçışı artacaq, nəticədə dollara tələbatın ciddi yüksəlməsini görəcəyik, bu da manatın məzənnəsinə əlavə basqılar yaradacaq.
Ölkənin büdcəsinin 60 faizi birbaşa neftdən asılıdır – 50 faizi Neft Fondundan birbaşa köçürmə, 10 faizi neft şirkətlərindən gələn vergilərdir.
Büdcənin neftdən dolayı asılılığı da var. Neft Fondundan büdcəyə pul gəlir, oradan büdcədən maaş alanlara əməkhaqqı ödənir, o maaşın da 14 faizi vergi şəklində büdcəyə dönür.
Büdcədən təmir-tikintiyə vəsait ayrılır, o işləri görən şirkətlərin vergi öhdəliyi yaranır, neftdən alınan pulun bir qismi vergi şəklində büdcəyə dönür. Bunları da nəzərə alsaq, büdcənin 60 faizi birbaşa, 15 faizə yaxını dolayısı ilə neftdən asılıdır”.
Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, bu ilin yanvarında Azərbaycanın ixracının 93,4 faizi neft-qaz sektoruna aid olub.