“Bu gün bu mükafatı nəyə görə alıramsa, öz ölkəmdə ona görə cəzalandırılıram”. Azərbaycanda vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova “Turan”ın Vaşinqton müxbirinə müsahibəsində belə deyib.
Martın 4-də Vaşinqtonda Şəhla Hümbətovaya ABŞ dövlət katibinin təsis etdiyi “Cəsarətli qadınlar” mükafatı verilib.
2007-ci ildə təsis olunan mükafat hər il dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda həyatını təhlükəyə ataraq mübarizə aparan, cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.
Bu il mükafata Şəhla Hümbətova və müxtəlif ölkələrdən olan daha 11 qadın layiq görülüb.
Mükafatın təqdim olunması mərasimində ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ prezidentinin xanımı Melaniya Tramp da iştirak ediblər. Mükafatı Şəhla Hümbətovaya Mayk Pompeo ilə Melaniya Tramp birlikdə təqdim edib.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer mərasimində iştirak etsə də, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirə qatılmayıb.
Təqdimatdan sonra “Turan”ın Vaşinqton müxbiri Ələkbər Raufoğluna müsahibəsində Şəhla Hümbətova Elin Süleymanovun tədbirə gəlməməsinə məyus olduğunu, amma buna təəccüblənmədiyini də deyib.
O bildirib ki, dünyada dəyərlər uca tutulur: “Dünya təkcə bizim ölkədən ibarət deyil. Dünyanın başqa hissəsində insan haqları dəyərdir və bu işə öz həyatını, canını qoyan insanlara qiymət verilir”.
Şəhla Hümbətova əslində öz fəaliyyətinə cəsarət kimi baxmadığını söyləyib: “Məncə bu, sadəcə olaraq məsuliyyətdir. Yəni insan vəkildirsə vəkil kimi, jurnalistdirsə jurnalist kimi özündə bir məsuliyyət hiss edir və doğru bildiyi işi görür. Kənardan isə bu, cəsarət kimi görünür”.
Şəhla Hümbətova vurğulayıb ki, nə olursa olsun Azərbaycanda ədalət və hüquqlar uğrunda mübarizəsini davam etdirəcək.
2019-cu il noyabrın 27-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması, onun vəkilliyinə xitam verilməsi üçün inzibati-iqtisadi məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Dekabr ayında Rəyasət Heyəti müraciətə məhkəmədə baxılanadək Şəhla Hümbətovaya vəkil kimi icraatında olan 9 işi başa çatdırmasına icazə verib.
Şəhla Hümbətova ilə bağlı müraciətə məhkəmədə aprel ayında baxılacağı gözlənir.
ABŞ Dövlət Departamenti Şəhla Hümbətovanın “Cəsarətli qadınlar” mükafatına layiq görülməsinin səbəbini açıqlayarkən bəyan edib ki, o, 2013-cü ildən vəkil kimi çalışır və əsas azadlıqlarını həyata keçirdiyinə görə həbs təhlükəsi ilə üzləşən şəxsləri müdafiə edən azsaylı hüquqşünaslardan biridir: “O, hüquq müdafiəçilərini, jurnalistləri, bloqçuları, gənc fəalları, siyasi müxalifətin üzvlərini və digərlərini cəsarətlə müdafiə edib”.
Dövlət Departamentinin bəyanatına görə, Şəhla Hümbətova hüquq müdafiəçilərinin və vəkillərin sosial şəbəkələrdə müntəzəm olaraq təqib və təhdidlərə məruz qaldığı, hüquqi fəaliyyətdən uzaqlaşdırıldığı, hüquqlardan məhrum edildiyi mürəkkəb şəraitdə bu cür işlərlə məşğul olan iki qadın hüquqşünasdan biridir.