2020-ci il noyabrın 3-ü ABŞ-da prezident seçkisi keçiriləcək. Respublikaçılar Partiyasının seçkiyə indiki prezident Donald Trampın namizədliyi ilə gedəcəyi gözlənir. Demokratlar Partiyasının namizədi isə iyun ayında keçiriləcək qurultayda müəyyənləşəcək.
3979 nümayəndəlik qurultayda namizəd statusu almaq üçün 1991 nəfərin dəstəyi tələb olunur.
Qurultay nümayəndələrini demokratlar ştatlarda keçirilən səsvermələrdə seçir. Novator.az-ın məlumatına görə, namizədliyə iddia edən sabiq vitse-prezident (2009-2017) Cozef Bayden indiyə qədər qurultaya 453, senator Berni Sanders 382, senator Elizabet Uorren 40, milyarder Mayk Blumberq 33 nümayəndə qazanıb.
38 yaşlı iddiaçı Tulsi Qabbard 1 nümayəndəyə sahibdir.
Martın 4-nə qədər 16 ştatda nümayəndələr müəyyənləşib. ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.
Ölkədə prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət 538 nəfərlik Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Prezidentliyə namizədlərin heç biri bu qədər səs qazanmasa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir.
2016-cı il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası həmin il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib. Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb.
Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. 1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür. Prezidentliyə qədər tikinti biznesi ilə məşğul olub.
İlkin Nizami