Martın 4-də Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Məmməd İbrahimin şikayətinə baxıb.
Məmməd İbrahim fevralın 26-sı paytaxtda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəndən az sonra tutulub. Həmin vaxt o, partiyadaşı Asif Yusifli ilə bir yerdə olub. Hər iki fəal Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə aparılıb. Asif Yusifli həmin buraxılıb, Məmməd İbrahim isə bölmədə saxlanıb. Fevralın 27-də Xətai Rayon Məhkəməsi Məmməd İbrahimi polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilərək ona 10 sutka inzibati həbs cəzası kəsib.
Azadliq.org-un məlumatına görə, martın 4-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılan Məmməd İbrahim deyib ki, fevralın 26-da AXCP və Demokratik Qüvvələrin Milli Şurası üzvləri ilə birgə Xocalı abidəsini ziyarət edən vaxt səhhətində problem yaranıb, yoldaşları onu maşına qoyub xəstəxanaya çatdırmaq istəyib: “Yol bağlı olduğundan polislərdən bizi buraxmalarını xahiş etdik. AXCP üzvü olduğumuzu bilən kimi bizi tutdular”.
Prosesdə çıxış edən vəkil Elçin Sadıqov deyib ki, Məmməd İbrahimin polisə müqavimət göstərməsi ittihamı saxta, ona kəsilmiş 10 sutkalıq cəza əsassızdır. Vəkil Xətai məhkəməsinin 27 fevral qərarının ləğvini istəyib, ancaq hakim apellyasiya şikayətini təmin etməyib.
Məmməd İbrahim 2015-2019-cu illərdə həbsdə olub. O, 2015-ci ilin sentyabrında tutulub, üç nəfəri döyməkdə ittiham olunub. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi 3 il müddətinə azadlıqdan məhrum edib.
2018-ci il sentyabr ayında 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub. 2019-cu il yanvarın 10-da Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edib. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzasını azaldaraq faktiki həbsdə yatdığı müddətlə əvəzləyib və onu azadlığa buraxıb.