2016-cı il martın 1-dən “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə minib. Novator.az bildirir ki, qanuna görə, illik faiz dərəcəsi milli valyutada 15 faizdən, xarici valyutada 3 faizdən yüksək olmayan bütün əmanətlər 3 il müddətinə tam sığortalanıb, sonra müddət 2020-ci il martın 1-dək uzadılıb.
İqtisadçı Samir Əliyevin şərhinə görə, əmanətlərin tam sığortalanması müddəti yenidən uzadılmasa, “Əmanətlərin sığortalanması haqqında” qanunun şərtləri qüvvəyə minəcək, yəni kompensasiya məbləği 30 min manatla limitləşəcək.
Ekspert qeyd edir ki, 2020-ci il girəndən mənbəyini Çindən götürüb dünyaya yayılan koronavirus xəstəliyi yeni situasiya yaradıb: “Çində iqtisadi fəallığın kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycan üçün həyati əhəmiyyətli olan neft bazarına mənfi təsir göstərir. Azərbaycan nefti üçün qiymət oriyentiri rolunu oynayan brent markalı neftin bir barrelinin qiyməti ilin əvvəlindən bəri 68 dollardan 51 dollara düşüb. Görünən odur ki, koronavirus problemi həllini tapmasa, ucuzlaşma davam edəcək. Bunun Azərbaycan üçün 2015-ci il böhranından da çətin olacağını proqnozlaşdırmaq olar.
Əmanətlərin tam sığortalanması qərarı 2015-ci ildəki devalvasiyaların bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azalmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi.
Fikrimcə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasına qərar verməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar.
Mərkəzi Bankın son məlumatına görə, fevralın 1-nə banklarda olan əmanətlərin həcmi 8,6 milyard manatdır. Bu əmanətlərin 75,6 faizi qısamüddətlidir. Deməli, əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin deyil.
Əmanətlərin 34 faizi cari hesablardır. Bu o deməkdir ki, 2,9 milyard manatlıq əmanət hər an geri çəkilə bilər və bankları çökdürər.
Müddəti artırmaq niyyəti yoxdursa, bu halda sığortalanma mexanizminə dəyişiklik edilməli, kompensasiya məbləği azı 100 min manata qədər artırılmalıdır”.