Jurnalist Elmar Hüseynovun qətlə yetirilməsindən 15 il ötür.
1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışıb, daha sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub.
Elmar Hüseynov “Monitor” jurnalının baş redaktoru olduğu vaxt, 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib.
Jurnalist Bakıdakı Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Qətlin 15-ci ildönümündə bir qrup media nümayəndəsi, ictimai-siyasi xadimlər jurnalistin məzarını ziyarət ediblər.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi, bloqçu Mehman Hüseynov və başqaları jurnalistin məzarı başında nitq söyləyiblər.
Mehman Əliyev hakimiyyəti Elmar Hüseynovun qətli ilə bağlı yeni istintaq aparmağa çağırıb və qeyd edib ki, ictimaiyyət istintaqın indiyədək irəli sürdüyü rəsmi versiyanı qəbul etmir: “Biz yeni, hərtərəfli araşdırma aparılmasını, sifarişçilərin və icraçıların adlarının açıqlanmasını tələb edirik”.
İstintaq işini 10 ildən çox Milli Təhlükəsizlik Nazirliyi araşdırıb. Qətldən az sonra Azərbaycanın hüquq mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıblar.
Azərbaycanın bir sıra rəsmiləri müxtəlif vaxtlarda bəyan ediblər ki, Gürcüstan tərəfi Əliyev və Xubanovun Azərbaycana təhvil verilməsindən imtina edir. Eyni zamanda Azərbaycan rəsmiləri bəyan ediblər ki, Əliyevlə Xubanov İnterpol xətti ilə beynəlxalq axtarışdadırlar.
Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin sonunda ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.