Azərbaycanın ilk milli xəbər agentliyi AZƏRTAC-ın 100 yaşı tamam olub.
Novator.az bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan Teleqraf Agentliyi 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. Həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrilib.
Sovet hakimiyyətinin ilk aylarında AzQafRosta adı alan agentlik 1921-ci ildə AzərTA adlandırılıb. 1922-ci ildə SSRİ-nin təşkilindən sonra AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başlayıb. 1923-cü ildə Zaqafqaziya Federasiyası yaradılıb və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirilib. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa edib, daha sonra Azərinform adlanıb.
100 illik fəaliyyəti dövründə AZƏRTAC-ın adı 8 dəfə dəyişdirilib. Son dəyişiklik 2015-ci ildə olub: qurum Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılıb.
AZƏRTAC dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrinə aid informasiya toplayan, onu yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycan Respublikasının dövlət orqanlarına, fiziki və hüquqi şəxslərinə operativ surətdə çatdıran, Azərbaycan Respublikasını regional və beynəlxalq media qurumlarında təmsil edən publik hüquqi şəxsdir.