“Arzu edirəm ki, Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”. Sabiq baş nazir Artur Rasizadə fevralın 27-si prezident İlham Əliyevə belə deyib.
Dövlət başçısı fevralın 27-də Artur Rasizadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib. Yubiley təbriklərini çatdıran İlham Əliyev sabiq baş nazirin uzun illər Azərbaycanın inkişafı naminə fəal işlədiyini vurğulayıb: “Heydər Əliyev hələ 1970-ci illərin sonlarında sizi çox məsul bir vəzifəyə təyin etmişdi – Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə. O vaxt – sovet dövründə Azərbaycanda iqtisadiyyatın inkişafı üçün bu komitənin xüsusi rolu vardı və hələ gənc yaşında ikən bu böyük vəzifə sizə həvalə olunmuşdu. Ondan sonra həm Mərkəzi Komitədə, həm Nazirlər Kabinetində yüksək vəzifələrdə işləmisiniz”.
Artur Rasizadənin müstəqillik dövründə 22 il baş nazir postunu tutduğunu xatırladan prezident deyib: “Bu 22 ilin 15 ilini biz sizinlə bərabər işləmişik və bu illər ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli illər olub. Azərbaycan bu illər ərzində çox sürətlə inkişaf edib və iqtisadi inkişafın templərinə görə dünya miqyasında lider dövlətdir. Bütün bu müsbət nailiyyətlərdə sizin də böyük əməyiniz, payınız var.
Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir. 2005-ci, 2010-cu, 2015-ci illərdə “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmusunuz. Yubileyiniz ərəfəsində siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Baxmayaraq ki, siz artıq təqaüddəsiniz, ancaq həm keçmiş xidmətləriniz, həm də bugünkü fəal və birmənalı mövqeyiniz nəzərə alınıb”.
Artur Rasizadə deyib ki, Azərbaycan bütün istiqamətlərdə tərəqqi və inkişaf yoluna çıxıb: “Mən tam əminəm ki, gələcək illərdə də bu tendensiya davamlı olacaq. Bu barədə mənim heç bir şübhəm yoxdur. Tam əminəm ki, ölkənin mövqeyi gələcək illərdə həm daxildə, həm də xaricdə indikindən də yüksək olacaq.
Arzu edirəm ki, Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun. Mən buna tam inanıram. Hamı bilir və istəyirəm ki, bu haqda mənim dilimdən bir daha eşitsinlər: Sizin Silahlı Qüvvələrə birinci növbədə diqqətiniz bizim döyüş qabiliyyətimizi dəfələrlə artırdı, dəfələrlə”.
İlham Əliyev Artur Rasizadəni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə fevralın 24-də təltif edib. Sərəncam sabiq baş nazirin Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyəti ilə əsaslandırılıb.
Novator.az bildirir ki, fevralın 26-da Artur Rasizadənin 85 yaşı tamam olub.
Artur Rasizadə 1935-ci ildə Gəncədə doğulub. 1957-ci ildə indiki Neft və Sənaye Universitetini bitirib.
Azərbaycan Neft-Maşınqayırma İnstitutunun mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, İttifaq Neft-Maşınqayırma Birliyi rəisinin birinci müavini, Azərbaycan Neft-Maşınqayırma İnstitutunun direktoru, Dövlət Plan Komitəsinin sədr müavini, Azərbaycan KP MK-da maşınqayırma şöbəsinin müdiri, baş nazirin birinci müavini, İqtisadi İslahatlar Fondunda məsləhətçi olub.
1996-cı ildə Azərbaycan prezidentinin köməkçisi vəzifəsinə təyinat alıb. Həmin il noyabrın 26-dan 2018-ci il aprelin 21-dək baş nazir postunu tutub (2003-cü ilin avqustundan noyabrınadək olan dövrü çıxmaq şərti ilə, həmin dövrdə o, baş nazirin birinci müavini işləyib).