Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 27-də jurnalist Xədicə İsmayılın şikayəti üzrə qərar çıxarıb.
Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Xədicə İsmayıl Bakı Dövlət Universitetini bitirib. “Günaydın”, “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb, 2008-2010-cu illərdə “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik edib.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdə olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum etdiyi jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı, şərti məhkumluqla azadlığa buraxılıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin 27 fevral 2020-ci il qərarı ilə Azərbaycan dövləti jurnalistə 25 min avro təzminat ödəməlidir. Qərarda göstərilir ki, Azərbaycanda Xədicə İsmayılın Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir çox hüququ, o cümlədən azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı hüquqları pozulub.