İqtisadçı Qubad İbadoğlu manata təzyiqlərin artdığını bildirir. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır: “Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu və tədiyyə balansının cari hesabının profisiti düşüb. 2018-ci illə müqayisədə xarici ticarət balansının müsbət saldosu 2 milyard dollardan çox azalıb. Cari ildə də həmin tendensiya davam edir, yəni ixrac gəlirləri azalır, idxal xərcləri artır.
Dövlət Neft Fondunun (DNF) 2020-ci il büdcəsinin gəlirləri 7 milyard 285 milyon dollar proqnozlaşdırılıb, bu da 2018-ci ilin icra göstəricisindən 29,7 faiz, 2019-cu gözlənən icra göstəricisindən 30,9 faiz azdır.
DNF-nin aktivlərinin azalması da gözlənir, səhm bazarında və valyuta bazarındakı proseslər azalmanın proqnozdan da çox olacağını deməyə əsaslar yaradır.
2020-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının 186,7 milyon barrel olması proqnozlaşdırılır. Bu, 2019-cu ilin göstəricisinə nisbətən 5,3 faiz azdır. Koronavirus xəstəliyinin dünya bazarlarında neftin qiymətlərinin düşməsinə gətirdiyini də nəzərə alsaq, valyuta gəlirləri azalır.
Mərkəzi Bank rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatları aparması qaydalarında etdiyi dəyişikliyə görə, sahibkarlar idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 730 gün müddətində malların ölkəyə gətirilməsini və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasını təmin etməlidir. Əvvəlki müddət 270 gün idi. Kapitalın ölkədən qaçışının əsas formalarından biri də ticarət kreditləri və avanslarıdır.
Ölkəyə xarici sərmayələr azalır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 5,7 milyard dollar, 2018-ci ildə 4,1 milyard dollar göstərilib. 2019-cu ilin 9 aylıq yekunlarında birbaşa xarici investisiyalar 2,7 milyard dollar olub.
Bütün bunlar Azərbaycan manatını ciddi şəkildə təsirləndirə bilər. Dünya bazarında neftin ucuzlaşması davamlı xarakter alarsa, eyni zamanda koronavirusun yayılması səbəbindən Azərbaycanla Rusiya, İran və Türkiyə arasında ticarət münasibətləri pisləşərsə, manatın devalvasiyası qaçılmaz olacaq. Azərbaycanın başlıca ticarət tərəfdaşlarının milli valyutasının dəyərsizləşməsi də manata təzyiqi artıracaq”.
2015-ci ildə Azərbaycan valyutasının devalvasiyalara uğraması nəticəsində dolların kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.