Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov fevralın 29-na təyin olunmuş mitinqin təxirə salınmasına çağırır.
Fevralın 9-da keçirilmiş parlament seçkisinin rəsmi nəticələrindən narazı qalan bu qurumun, eləcə də Müsavat Partiyası və “D18” Hərəkatının rəsmiləri fevralın 29-u saat 15-də paytaxtda, Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək istəyir. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunda aksiya üçün alternativ yerlər kimi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanı; 20 Yanvar küçəsi, 2527-dəki məhəllə stadionunu; Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydanı; Nəriman Nərimanov küçəsi, 55-də yerləşən “Cıdır” restoranının qarşısındakı meydanı; Hüseyn Cavidin heykəlinin ətrafındakı parkı; Mərkəzi Parkı; Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunu da göstərib.
Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılara cavab məktubunda 29 fevral aksiyasını göstərilən yerlərdə deyil, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyə razılaşdığını bəyan edib.
9 fevral seçkisi 125 dairə üzrə keçirilib. 4 dairədəki səsvermənin nəticələri ləğv olunub. Mərkəzi Seçki Komissiyası fevralın 25-də 121 qalib namizədin adını təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərib.
Rəsmi nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilib. Qaliblər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 40 nəfər isə partiyasızdır.
29 fevral aksiyasının təşkilatçıları olan qurumların fəalları fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirməyə cəhd göstərib, ancaq polis buna imkan verməyib. Həmin aksiyanın qətnaməsində bu tələblər qoyulub:
– 9 fevral parlament seçkisinin nəticələri ləğv edilsin;
– söz və ifadə, sərbəst toplaşmaq və digər fundamental insan haqları təmin edilsin, siyasi məhbuslar dərhal azadlığa buraxılsın;
– Seçki Məcəlləsində müxalifətin, Avropa Şurasının və ATƏT-in təklifləri əsasında əlavə və dəyişikliklər edilsin;
– Avropa İnsan Hüquqları Məhkəməsinin seçkilərə aidiyyəti olan qərarları təcili icra olunsun və Azərbaycan Milli Məclisinə yeni seçki keçirilsin.
Novator.az-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov özünün “Facebook” səhifəsində yazır ki, 16 fevral aksiyası böyük ictimai-siyasi diqqət cəlb etdi, iştirakçıların zorla üzləşməyi prezident İlham Əliyevin islahat mövzusunda çıxışlarının həqiqətdən uzaq olduğunu, xalqın seçki haqqının və sərbəst toplaşmaq azadlığının tanınmadığını göstərdi: “Hakimiyyətin zorakılığını beynəlxalq müşahidəçilər də görərək pislədilər. Bütün bunları nəzərə alaraq, məncə, fevralın 29-da daha bir icazəsiz aksiya keçirməyimiz hədəflərimizə faydadan çox ziyan vura bilər. Diqqətimizi geniş siyasi iştirakçılığın hazırlanmasına, təşviqinə və uyğun siyasi şəraitin yetişdirilməsinə yönəltməliyik. Uyğun şərait yaradan kimi dinc, demokratik, konstitusion kütləvi aksiya qərarını yenidən verməliyik”.
Milli Şura nəticələrlə barışmamağa çağırır
Avropa 9 fevral seçkisinə nə deyir?
Seçkinin rəsmi nəticələrinə etiraz olaraq aksiya keçirilib
İsa Qəmbər və daha səkkiz namizəd birgə tələb irəli sürdü
Aksiyada xəsarət alan müsavatçının vəziyyəti necədir?
Baş redaktor qanını MSK-da yuyub
11 fevral aksiyasının təşəbbüskarı nə ilə üzləşib?
Paytaxt hakimiyyəti aksiya yeri ilə razılaşmır
YAP-çı namizədin rəqibləri yenidən seçki tələb edir
Bir dairənin 11 namizədi seçkinin rəsmi nəticəsini tanımır
Aksiyada xəsarət alan jurnalistin açıqlaması
Prokurorluq Mustafanın döyülməsini araşdırır
9 saylı dairədə 7 namizəd rəsmi nəticəni tanımır
Nəticələri ləğv olunan dairələr
Cəzalı dörd dairə üzrə qərarlardan
“Seçkinin nəticəsi ləğv olunmalıdır”
Mitinq üçün yeni ünvanlar göstərilib