Sovet dövründə Ukrayna raket və kosmik sənayesi ilə məşhur olub. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra da ölkə kosmos sahəsində əvvəlki statusunu saxlayıb və bu sektoru inkişaf etdirir. “UkraineWorld” bununla bağlı mühüm məqamlara nəzər salıb.
Kosmosun öyrənilməsində böyük rol oynamış alimlərin çoxu Ukrayna əsillidir. Onların ideyaları və tədqiqatları kosmonavtikanın sonrakı inkişafına böyük təsir göstərib. Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) əsli Ukraynanın Volın vilayətindən olan Konstantin Siolkovskini Qoddard və Obertlə yanaşı raket sənayesi və kosmonavtikanın atalarından biri adlandırır.
Poltavalı raket nəzəriyyəçisi Yuri Kondratyuk insanların Aya yolunu açıb. Onun hesabladığı optimal trayektoriyadan “Apollon” proqramı ilə Aya ilk uçuşu planlaşdırmaq üçün istifadə olunub.
1957-ci il oktyabrın 4-də Ukraynanın Jitomir şəhərindən olan Sergey Korolyovun rəhbərliyi altında Yerin ilk süni peyki “Sputnik-1” orbitə buraxılıb.
1997-ci ildə Leonid Kadenyuk müstəqil Ukraynanın kosmosa uçan ilk vətəndaşı oldu. O, ABŞ-ın “Kolumbiya” kosmik gəmisi heyətinin üzvü idi. Hərbi pilot Kadenyuk uçuşdan əvvəl üç il NASA-da təlim keçib, kosmosda 15 gün 16 saat qalıb, bir neçə bioloji təcrübə aparıb və kosmik gəmidə elmi tədqiqat üçün bağ salıb. Kosmos ziyarətindən sonra Leonid Kadenyuk karyerasını Ukrayna Dövlət Kosmik Agentliyində davam etdirib.
Ukraynada uzun müddət özəl şirkətlərə daşıyıcı raketlərin sınaqdan keçirilməsi, istehsalı və istismarı ilə əlaqəli fəaliyyətlə məşğul olmağa icazə verilməyib, bu işlə yalnız dövlət şirkətləri məşğul olub. Bunların içərisində dünyanın ən yaxşı şirkətlərindən olan “Cənub” konstruktor bürosu və Ukraynanın qitələrarası ballistik və daşıyıcı raketlərin, kosmik aparatların istehsalı üzrə ixtisaslaşmış “Yujmaş” müəssisəsi yer alır.
Ancaq 2019-cu ilin oktyabrında Ukrayna parlamenti özəl şirkətlərə kosmik raketlər hazırlamağa, onları sınaqdan keçirməyə və orbitə çıxarmağa imkan verən qanun qəbul etdi.
Ukrayna raket yanacağı, planer (mühərriksiz uçuş aparatı), daşıyıcı raket və kosmik gəmi də daxil olmaqla raket istehsal edən azsaylı ölkələrdən biridir. Ukraynanın “Zenit” və “Siklon” daşıyıcı raketləri dünyada ad çıxarıb. “Veqa” və “Antares” raketlərinin orbitə uğurla buraxılmasında da Ukraynanın rolu əvəzsizdir.
Avropa Kosmik Agentliyinin xahişi ilə “Cənub” konstruktor bürosu “Veqa” daşıyıcı raketinin dördüncü dərəcəli yürüş mühərrikini hazırlayıb. Ukrayna mühərrikli “Veqa” daşıyıcı raketi 2018-ci ilin noyabrında orbitə buraxılıb.
“Antares” daşıyıcı raketini ABŞ-ın “Orbital ATK” şirkəti Ukrayna müəssisələrinin iştirakı ilə yaradıb.
Ümumilikdə 1991-ci ildən bəri Ukraynanın iştirakı ilə hazırlanan 160-dan çox raket və 370 kosmik aparat işə salınıb.
Yaxın gələcəkdə Ukraynanı kosmik istedadlar qıtlığı gözləmir, çünki ölkənin gənc alimləri beynəlxalq kosmos yarışlarında parlaq nəticələrə imza atırlar. Məsələn, 2016-cı ildə Ukraynanın “MarsHopper” layihəsi NASA marafonunda “Xalqın seçimi” kateqoriyasının qalibi olub.
2017-ci ildə Ukraynanın iki layihəsi NASA müsabiqəsinin ən yaxşı 25-liyinə düşüb. Bu layihələrin birində yerüstü orbit stansiyasının modeli, digərində ağıllı məkan konsepsiyası təklif olunur.
Kosmos sahəsinə qoyulan bir dollar 13-14 dollar xeyir gətirsə belə, Ukrayna bu sektora böyük pul xərcləmir. 2013-2017-ci illərin milli kosmos proqramı çərçivəsində gərəkli vəsaitin yalnız 30%-i ayrılıb. 2018-ci ildə Nazirlər Kabineti raket və kosmik sənaye üçün 1 milyard dollara yaxın maliyyələşməni nəzərdə tutan milli kosmos proqramı (2018-2022) konsepsiyasını təsdiqləyib. Ancaq hələ bir qəpiyin belə üzünü görən olmayıb.
Maliyyə qıtlığına baxmayaraq Ukrayna kosmik şirkətləri bu sahədə uzunmüddətli fəaliyyətdə və müxtəlif layihələrin işlənib hazırlanmasında israrlıdır. Son iki ildə “Cənub” konstruktor bürosu öz gücü ilə yeni sexlər və laboratoriyalar qurub. Ölkədə və Kanadada kosmodromlar, habelə Ayda daimi post planları var.
“Cənub” konstruktor bürosu Kanadanın Yeni Şotlandiya adasında kosmodrom layihəsi hazırlayıb. Layihəni Kanadanın “Maritime Launch Services” şirkəti həyata keçirir. Kosmodromun tikintisinin 2020-ci ilin sonunadək başa çatacağı gözlənir. Ukraynalı mütəxəssislər tikinti prosesinə rəhbərlik edir və yerli “Siklon-4M” raketinin işə düşməsinə hazırlaşırlar. Raketin 2022-ci ilin ikinci yarısında buraxılması planlaşdırılır. Ondan Yerə yaxın orbitə yüklərin daşınması və peyklərin işə salınması üçün istifadə olunacaq. Kanadalılar beş ildən sonra ildə 8-ə qədər Ukrayna raketini orbitə buraxmağı planlaşdırırlar.
Ukrayna ərazisindən raket buraxmaq problemlidir, çünki uçuş xətti əhalinin sıx yaşadığı ərazilərin üzərindən keçməməlidir. Ona görə də “Yujmaş” Xerson vilayətində üzən kosmik limanın yaradılması ilə bağlı təşəbbüs irəli sürüb. Bu, 750 kiloqrama qədər faydalı yükü 600 kilometr hündürlükdə yerləşən günəş sinxron orbitinə çatdırmağa qadir olan raketdir.
“Cənub” konstruktor bürosu isə insanların ziyarəti üçün Ayın səthində daimi bazanın yaradılması layihəsi üzərində çalışır…
Mariya
Sidenko,
“İnternyus-Ukrayna”
və “UkraineWorld”ün analitiki və jurnalisti
Material ilk dəfə “UkraineWorld ”da dərc olunub.