Prezident İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin nizamnaməsini yeniləyib. Novator.az bildirir ki, fevralın 24-də verilən fərmanla xidmətə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətinin formalaşma qaydası dəyişib. Yeniliyə əsasən, İdarə Heyətinin tərkibi üç üzvdən – iqtisadiyyat nazirinin müavini postunu tutan sədrdən və onun iki müavinindən ibarət olub. İdarə Heyətinin sədrini və onun müavinlərini prezident iqtisadiyyat nazirinin təqdimatı ilə təyin edəcək.
Başqa bir dəyişikliyə görə, İdarə Heyətinin üzvlərinə iclas barədə azı 3 iş günü qalmış yazılı məlumat veriləcək. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, həmin məsələnin müzakirəsində və ona dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
Maliyyə Monitorinqi Xidməti 2018-ci il mayın 25-də, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən publik hüquqi şəxs kimi yaradılıb.
Prezidentin 30 may 2019-cu il sərəncamı ilə Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibinə verilib. Həmin il oktyabrın 23-də isə Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, hazırda Dövlət Vergi Xidməti adlanır.
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə Rövşən Nəcəf sədrlik edir. 1982-ci il təvəllüdlü Rövşən Nəcəf iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Azərbaycan Dövlət İqtisad Universitetində laborant, İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, baş məsləhətçi, sektor müdiri, Dövlət Neft Şirkətində iqtisadçı, şöbə rəisi vəzifələrini tutub.
İqtisadi İnkişaf Nazirliyində xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, müdiri, nazirin köməkçisi vəzifələrində də çalışan Rövşən Nəcəf həmçinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini, icraçı direktoru olub.
Rövşən Nəcəf 11 may 2018-ci ildən 28 avqust 2019-cu ilədək Prezident Administrasiyasının innovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri postunda çalışıb, 2020-ci il fevralın 11-dən iqtisadiyyat nazirinin müavinidir.
İqtisadiyyat naziri vəzifəsini Mikayıl Cabbarov tutur.