Fərqli janrlarda çalışan Ukrayna musiqiçiləri ötən il köklərinə qayıtmağa və ənənəvi mahnılara yeni nəfəs verməyə çox çalışdılar. Etnik motivlər və xalq lirikası Onuki elektro notlarına, Maruv pop musiqisinə və hətta repə də sirayət edir. “Kalush” qrupu və Alyona Alyonanın Karpat dağlarında çəkilmiş “Dağlar” klipində təkcə yüksək keyfiyyətli repin deyil, həm də sopilkanın (Ukraynanın nəfəs musiqi aləti) ecazkar səsi var. Bu yöndən folkloru ultramodern səviyyəsinə çatdırmağı bacaran “YUKO” qrupu danılmaz liderdir.
Etnik musiqi eksperimentləri baxımından “Zitkani” layihəsi əsl musiqi incisidir. “Bereqa” qrupunun Braziliyada yerli musiqiçilərlə birlikdə lentə aldığı mini albom həm Ukrayna musiqisinin qəlbinə işıq salır, həm də özünə dönüş nümunəsidir. Valentina Levçenkonun unikal lirika ilə birləşən səsi mandolinlər, berimbau, konqo kimi ekzotik alətlərin səsləri kimi heyranedicidir.
Etnik folklor haqda söhbət gedərsə, frik-kabare janrında çıxış edən dünya şöhrətli “Dakh Daughters” musiqi qrupunun son “Air” albomuna nəzər salmaq olar. Məşhur “Daxa Braxa” qrupunun “etno-xaus” üslubunda səsləndirdiyi son güclü musiqilərə, məsələn “Plive çoven”ə qulaq asmağa dəyər. Hər iki qrup Ukraynada və xaricdə fantastik konsertlər verib. Bu konsertlərdə vizual ustalıq sayəsində hər bir mahnı ayrı bir teatr tamaşası kim yaşanır.
2019-cu ilin musiqi növləri ilə bağlı seçim aparası olsaydıq, çox güman, bunlar hip-hop və rep janrları olardı. Alyona Alyona isə birinci yerdə durardı. Əvvəllər uşaq bağçasında tərbiyəçi işləmiş, öz istedadı hesabına uğur qazanan yeni ulduz keçən il “Puşka” albomu sayəsində məşhurlaşdı. Alyona Alyona qlobal miqyasda bu janra yenilik gətirməyə bilər, amma o, Ukraynanın hip-hop musiqisinin tamamilə yeni səviyyəsidir. Təbiilik və səmimiliklə yanaşı Alyona Alyona müsbət enerji yaradan və Ukrayna dilinin leksik palitrasını önə çəkən dərin məzmunlu mahnılarıyla da seçilir.
Hip-hop ifaçısı gənc müğənni Alina Paş da rep, pop və etnik motivləri birləşdirən “Pintea” adlı ilk albomu ilə ötən ilin kəşfi oldu. Onun “Bosorkanya” klipi Zakarpatyedən olan bir müğənninin folklor sənətindən və dilindən yararlanaraq yaratdığı yeni üslublu musiqi məhsulu kimi yadda qaldı. Alina Paşın hip-hop musiqisində ənənəvi komponentlər o qədər üstündür ki, o, albomuna ön söz kimi bu haqda sənədli film də əlavə edib.
“Kalush” qrupunun ifasında vulqar tərzdə qeyri-adi rep musiqisini, alternativ hip-hop janrının lvovlu lideri Kaşlyayuçiy Edin və ya repçiyə çevrilən jurnalist Ponomaryovun ifasında keyfiyyətli sosial repi, yaxud “PVNCH” qrupunun “ağ” adlanan repini, repçi Nikolay Yaroşenkonun və ya “İNDT” qrupunun Amerika üslubunda ifa etdikləri keyfiyyətli flounu (rep jarqonu) göstərmək olar. Ukraynanın yeni hip-hop musiqisinin uzun siyahısında hətta rep janrını sevməyənlər də ürəyinə yatan nə isə tapa bilər.
Pop musiqisi həvəskarları üçün da seçim imkanları çoxdur. Çılğın Monatik artıq Ukrayna estradasının kralı ləqəbini qazanıb. Onun əsasən rus dilində “Love it” albomu reytinqlərdə yüksək yerləri tutur və onlar uğur qazanmağa, xəyalları həyata keçirməyə stimul verən, canlandıran rəqs ritmləri ilə doludur. Monatikin Alyona Alyona ilə iş birliyindən savayı Ukraynanın xalq artisti Nina Matveyenko ilə ana dilində ifa olunan kompozisiyası da var.
Elektro-folkov notlu keyfiyyətli pop musiqisini dünyaca məşhur “Kazka” qrupu təqdim edir. “Kazka” 2018-ci ildə “Shazam” musiqi reytinqinə düşən ilk Ukrayna qrupudur. Qrup “Avroviziya 2019” mahnı yarışmasının milli seçimlərinə də qatılıb.
Amerikalı müğənni Lana Del Reyin pərəstişkarlarına ukraynalı müğənni və lirik mahnılar müəllifi Kristina Soloviyin son klipləri maraqlı ola bilər. Lemki (Ukraynada etnik qrup) xalq mahnılarına sevgisi ilə tanınan Kristina həzin poeziyaya müraciət edib. Onun “Bahar” və “Sevimli dost” klipləri bunun bariz nümunəsidir.
Həzin, amma enerjili ballada haqqında danışsaq, ilk olaraq “Castle” və “Braii” qrupları kimi yeni adları çəkmək olar. “Arctic Monkeys” qrupunun və Mişel Quryeviçin enerjisi hopan bu Ukrayna qrupları dünyaya indi-pop kimi səs salır.
Ukraynanın şərqindəki müharibə mövzusu “Stasik” layihəsində özünəməxsus şəkildə əks olunub. Donbasda davam edən müharibənin veteranı Anastasiya Şevçenkonun musiqi kliplərini mahnı adlandırmaq çətindir. Bu, ağrı, qorxu və şiddət kimi çətin mövzulara toxunan postmodern sənətdir.
Ukraynada, ümumiyyətlə müasir rok musiqisində “Hardkiss” qrupunu üstələyən birini tapmaq asan deyil. Yuliya Saninanın məlahətli və bənzərsiz səsi zaman və məkan sərhədlərini aşır. Qrup Ukraynada çox məşhurdur, amma dünya auditoriyası üçün o, 2019-cu ilin kəşfi ola bilər.
Caz janrına yüksək qiymət verənlər üçün də yeniliklər var. “Pokaz Trio” caz qrupu Norveçin “Losen Records” səsyazma şirkətində yazılan “Kintsugi” adlı kinematoqrafiya üslublu bir debüt albomu buraxıb…
İrina Matviişin,
“İnternyus-Ukrayna” və “UkraineWorld”ün jurnalisti
Material ilk dəfə “UkraineWorld” dərc olunub.