2020-ci ilin dövlət büdcəsinin xərc proqnozu 26 milyard 894,7 milyon manatdır. Rəsmi təbliğat bunu ölkə tarixinin ən böyük büdcəsi sayır. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev özünün “Facebook” səhifəsində bu mövzuda şərh yayaraq qeyd edir ki, indiki dövrün nominal göstəricilərini əvvəlki illərin nominal göstəriciləri ilə müqayisə etmək problemlidir: “Bunu o zaman etmək olar ki, inflyasiya olmasın, milli valyutanın alıcılıq qabiliyyəti dəyişməsin. Bizdə ekspertlərin istifadə elədiyi əsas əks-arqumentlərdən biri dollar əsasında hesablamadır. Məsələn, 2015-ci ilin devalvasiyalarına qədər Azərbaycanda dövlət büdcəsinin ən böyük məbləği 2013-cü ildə qeydə alınmışdı – 19,2 milyard manat. Bu, həmin dövrün məzənnəsi ilə 24,3 milyard dollar edir. 2020-ci ildə isə büdcə proqnozu doğrulsa və məzənnə indiki səviyyədə qalsa, dövlət büdcəsi 15,8 milyard dollar həcmində olacaq.
Əlbəttə, dollar ifadəsində götürülsə, 2013-cü ilin büdcəsi 2020-ci ilin büdcəsindən 35% çoxdur. Amma manatla nominal göstəricilərin dollara çevrilərək müqayisə edilməsi həmişə doğru, eyni zamanda etibarlı nəticələr çıxarmağa imkan vermir. Çünki milli valyutanın dəyərdən düşmə sürəti onun alıcılıq qabiliyyəti ilə eyni olmaya bilir. Məsələn, 2015-2020-ci illərdə manat dollar qarşısında 2,2 dəfə dəyərdən düşüb, amma əmtəə və xidmət səbətlərinə, ölkədə aparılan tikinti işlərinin dəyərinə münasibətdə manatın alıcılıq qabiliyyəti 2,2 dəfə azalmayıb.
Başqa mühüm səbəb də var: dollar özü də dəyərdən düşür və bu özünü onun alıcılıq qabiliyyətinin azalmasında göstərir. Məsələn, Dünya Bankının kəskin yoxsulluq səviyyəsini ölçmək üçün istifadə elədiyi adambaşına gündəlik 1,9 dolların alıcılıq qabiliyyəti 2005-ci ildəki 1,25 dollara bərabərdir. Yəni son 15 ildə ən zəruri ehtiyac məhsullarına münasibətdə dolların alıcılıq qabiliyyəti az qala 50% azalıb.
Manatın özünün alıcılıq qabiliyyəti əsasında müqayisə daha doğru olar. Bunu ölçmək üçün iki mənbə var: deflyator nəzərə alınmaqla ümumi daxili məhsulu (ÜDM) yaradan bütün məhsul və xidmətlər səbətinə nəzərən manatın alıcılıq qabiliyyəti 2013-2020-ci illərdə necə dəyişib; yalnız istehlak qiymətləri nəzərə alınmaqla ən zəruri əmtəə və xidmətlər səbətlərinə münasibətdə manatın alıcılıq qabiliyyəti 2013-2020-ci illərdə necə dəyişib.
Statistikamızın apardığı hesablamaya görə, 2019-cu ildə ÜDM-in həcmi 2014-cü ilə nisbətən bazar qiymətlər ilə (cari qiymətlər) 38% artsa da, müqayisəli (sabit) qiymətlərlə demək olar ki, eyni səviyyədə qalıb. Bu o deməkdir ki, ÜDM-i təşkil edən əmtəə-xidmət səbətlərini baza kimi götürsək, 1 manatın 5 il əvvəlki alıcılıq qabiliyyəti 2019-cu ildə ən azı 1,4 manata ekvivalent olub.
Başqa bir nümunə: 2013-cü ildə ən vacib ehtiyacları qarşılayan istehlak səbətlərindən ibarət yaşayış minimumunun dəyəri 2013-cü ildə 116 manat olduğu halda 2020-ci il üçün 190 manat müəyyən edilib. Ötən 7 ildə səbətlərin tərkibində əmtəə-xidmət çeşidində və istehlak normalarında ciddi dəyişikliklərin olmadığı nəzərə alınsa, deməli, səbəb manatın alıcılıq qabiliyyətinin azalmasıdır. Məhz bu səbətlərə münasibətdə manatın 7 ildə 64% dəyər itirdiyini görürük. Bu hesablamaya görə, 2013-cü ildəki hər manatlıq zəruri istehlak məhsulu (xidməti) üçün hazırda 1,65 manat ödəməliyik.
İndi manatın alıcılıq qabiliyyəti əsasında 2013-cü ilin büdcə xərclərinin 2020-ci ilin büdcə xərcləri ilə müqayisə edə bilərik. Nəzəri olaraq hesab edək ki, dövlət büdcəsi yalnız insanların minimum istehlak tələbini qarşılamaq üçün maaş və sosial ödənişlərə yönəldilir. Əgər insanlara rəsmi təsdiqlənən yaşayış minimumu əsasında maaş və sosial ödəniş verilsə idi, 2013-cü ilin büdcəsi hər ay 13,7 milyon ədəd əmtəə-xidmət səbəti (116 manatlıq yaşayış minimumu) almağa kifayət edərdi.
2020-ci ilin büdcəsi 11,8 milyon ədəd analoji səbətin (190 manatlıq yaşayış minimumu) alınmasına kifayət edir. Yəni manatın alıcılıq qabiliyyəti paritetinə əsasən 2020-ci ilin dövlət büdcəsi xərcləri 2013-cü ilin büdcəsindən 13,8% azdır. Nominal olaraq 40% çox olsa belə”.
2015-ci ildə Azərbaycan valyutasının devalvasiyalara uğraması nəticəsində dolların kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.