“Basta” saytına giriş bərpa olunub. Baş redaktor Mustafa Hacıbəyli Novator.az-a deyib ki, fevralın 24-dən redaksiya fəaliyyətini davam etdirir: “İndi əsas işlərimizdən biri arxivin bərpasına nail olmaqdır”.
Yanvarın 31-dən davamlı haker hücumları ilə üzləşən “Basta” saytına giriş qısa fasilələrlə qapanıb, sonra arxiv dağıdılıb.
2015-ci ildən fəaliyyət göstərən “Basta” saytı demokratik qüvvələrə yaxınlığı ilə tanınır. Baş redaktor Mustafa Hacıbəyli Müsavat Divanının üzvü, partiyanın Mətbuat və İnformasiya Departamentinin rəhbəridir.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il fevralın 21-də Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib.
Cəza Gəncə işi ilə bağlıdır.
2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Açıqlamada “Basta” saytının da adı hallanıb, onun Bastainfo.com ünvanı bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
Hazırda sayt Basta2.com domeni ilə fəaliyyət göstərir.
2019-cu il sentyabrın 23-də Bastainfo.com domeni illik ödəniş vaxtı başa çatdıqdan 1 saat sonra başqa müştəriyə satılıb. Redaksiya bunu Azərbaycan hakimiyyətinin sifarişi ilə bağlayıb.