Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2019-cu ildə apardığı nəzarət tədbirləri haqqında hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, ötən il 13 büdcə təşkilatına və nəzarət zərfi dövlətə məxsus 1 səhmdar cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanıb, 4 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, bir neçə şəhər və rayonda büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib: “Aşkar olunan 26 milyon 291,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 14 min 964,9 min manatının yoxlamaların gedişində bərpası təmin edilib.
Hüquq mühafizə orqanlarının müraciətləri və məhkəmə qərarları əsasında 13 təşkilatda aparılan yoxlama ilə 3 milyon 523,2 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunaraq (3 milyon 295,9 min manatı bərpa edilib) yoxlama materialları tədbir görülməsi üçün təqdim olunub.
Vətəndaş müraciətlərinə əsasən 20 qurumda zəruri araşdırmalar aparılıb, cəmi 7,1 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq (3,5 min manatı bərpa edilib) aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər prokurorluq orqanlarına göndərilib.
Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən 73 nəfər vəzifəli şəxsə 66,2 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib, aşkar edilən 43 min manat məbləğində artıq və əsassız ödənişlərlə əlaqədar (32,7 min manatı bərpa edilib) 3 qurum üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər prokurorluq orqanlarına ötürülüb”.