Daxili İşlər Nazirliyinin rəsmi hesabatına görə, 2019-cu ildə Azərbaycanda 26 min 672 cinayət faktı qeydə alınıb, bu da 2018-ci ilin göstəricisindən 1,1 faiz çoxdur: “Onların 58,2 faizi az ağır, 29,8 faizi böyük ictimai təhlükə törətməyən, 12 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
5290 hadisə şəxsiyyət əleyhinə, 11567 hadisə iqtisadi sahədə törədilən, 8190 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1623 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 362 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 2-si digər cinayətlərdir.
İl ərzində cinayət törətmiş şəxslərin sayı 17 min 823 nəfər, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 13 min 527 nəfər olub. Cinayət məsuliyyətinə cəlb olunanların 61,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 16,1 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir”.
Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,8 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi 2,2 faiz göstərilir.
Novator.az bildirir ki, hesabata əsasən, qeydə alınmış 1308 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub, bu da 2018-ci ilin göstəricisindən 11,3 faiz çoxdur.