Bakı Şəhər Baş Polis İdarəsi 16 fevral aksiyası ilə bağlı rəsmi məlumat yayıb. Açıqlamaya görə, bir qrup şəxs saat 15 radələrində paytaxtın Binəqədi rayonunda, Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib, polis əməkdaşları bunun qarşısını alıb və onlar ərazidən kənarlaşdırılıb. Ciddi qanun pozuntusunun qeydə alınmadığı, saxlananın və xəsarət alanın olmadığı bildirilir.
Mərkəzi Seçki Komissiyasının binası qarşısına təyin olunmuş aksiyanın əsas təşkilatçıları Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası və “D18” Hərəkatıdır. Fevralın 9-da keçirilmiş parlament seçkisinin ilkin rəsmi nəticələrindən narazı qalan bu qurumların rəsmiləri və bəzi müstəqil namizədlər fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Məktubda qeyd olunub ki, fevralın 16-sı saat 15-də “28 May” metro stansiyasının qarşısındakı meydanda etiraz mitinqi keçiriləcək.
Fevralın 12-də Bakı Şəhər İcra Hakimiyyəti 16 fevral aksiyasını “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirməyə razılıq vermədiyini bəyan edib, aksiya üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsini, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunu ünvan göstərib.
16 fevral aksiyasının təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edərək mitinq üçün başqa ünvanlar istəyib: 20 Yanvar küçəsi, 2527-dəki məhəllə stadionu (“Moskva” univermağının yaxınlığı); Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan; Nəriman Nərimanov küçəsi, 55-də yerləşən “Cıdır” restoranının qarşısındakı meydan; Hüseyn Cavidin heykəlinin ətrafındakı park (Milli Elmlər Akademiyasının yaxınlığı); Mərkəzi Park (Akademik Milli Dram Teatrının yaxınlığı).
Fevralın 14-də Bakı Şəhər İcra Hakimiyyəti həmin ünvanlarda da mitinq keçirməyə razılıq verməyib, bəyan edib ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionu variantı qüvvədə qalır. Təşkilatçılar isə aksiyanı Mərkəzi Seçki Komissiyasının binası qarşısına təyin ediblər.
Fevralın 16-da, aksiyadan əvvəl polis Müsavat Partiyasının başqanı Arif Hacılını, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, “D18” Hərəkatının rəhbəri Ruslan İzzətlini və bir çox fəalı, deputatlığa namizədi saxlayıb. Mərkəzi Seçki Komissiyasının qarşısı və həndəvəri, eləcə də metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan polis nəzarətinə götürülüb.
Bir çox gənc fəal Mərkəzi Seçki Komissiyasının yaxınlığında toplaşmağa nail olaraq “Azad seçki!” şüarı səsləndiriblər, tutulanlar olub.
Azadliq.org-un məlumatına görə, tutulanlardan heç kim polisə aparılmayıb. Müsavat Partiyasının başqanı Arif Hacılını avtomobillə Hacıqabul rayonuna qədər apararaq geri qaytarıb Bakının girəcəyindəki Bayraq Meydanında sərbəst buraxıblar.
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Şamaxıya aparılaraq orada maşından düşürülüb.
“D18” Hərəkatının rəhbəri Ruslan İzzətli Yevlaxa aparılaraq orada buraxılıb.
Ələtə, Qobustana, Kürdəmirə aparılaraq düşürülənlər də olub.
Meydan.tv tutulanların sayının 60-dan çox olduğunu bildirir.
Aksiyanın qətnaməsində bu tələblər qoyulub:
– 9 fevral parlament seçkisinin nəticələri ləğv edilsin;
– söz və ifadə, sərbəst toplaşmaq və digər fundamental insan haqları təmin edilsin, siyasi məhbuslar dərhal azadlığa buraxılsın;
– Seçki Məcəlləsində müxalifətin, Avropa Şurasının və ATƏT-in təklifləri əsasında əlavə və dəyişikliklər edilsin;
– Avropa İnsan Hüquqları Məhkəməsinin seçkilərə aidiyyəti olan qərarları təcili icra olunsun və Azərbaycan Milli Məclisinə yeni seçki keçirilsin.
9 fevral seçkisi 125 dairə üzrə keçirilib. Fevralın 13-də Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrini ləğv edib. İndiki rəsmi hesabata əsasən, hakim Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilir. Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 40 nəfər isə partiyasızdır.