Müsavat Partiyası bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda deyilir: “Fevralın 16-da polis orqanları Mərkəzi Seçki Komissiyasının inzibati binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdıran müxalifət partiyaları və ictimai fəallara qarşı qanunsuz əməliyyat həyata keçirib.
Səhər saatlarından başlayaraq Müsavat Partiyasının başqanı Arif Hacılı, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, “D18” Hərəkatının sədri Ruslan İzzətli də daxil olmaqla aksiya təşkilatçıları saxlanıb. Saxlanma zamanı qanunun tələblərinə əməl olunmayıb, mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim etməyib.
Sonrakı saatlarda aksiyanın təyin olunduğu MSK-nın binası önündə yollar bağlanıb, aksiya iştirakçılarının bura çatmasına imkan verilməyib, yüzlərlə insan saxlanıb. Saxlananların arasında əksəriyyəti Müsavat Partiyasının üzvü olan onlarla deputatlığa namizəd, müşahidəçi və seçki üzrə səlahiyyətli nümayəndələr var. Tutulanlar qanuna zidd olaraq paytaxtdan uzaqlaşdrılıb, bir çoxları avtobusla Hacıqabul, Qobustan, Ələt, hətta Yevlax rayonlarına qədər aparılaraq orada yol kənarında sərbəst buraxılıblar.
Müsavat Partiyası polisin bu əməliyyatını Azərbaycanda fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşmaq azadlığının növbəti dəfə kobud surətdə pozulması kimi qiymətləndirir, hakimiyyətdən repressiyalara son qoyulmasını, qanunu pozan polis əməkdaşlarının və onlara bu qanunsuz əmri verənlərin cəzalandırılmasını tələb edir.
Müsavat Partiyası seçki saxtakarlığına qarşı mübarizənin davam edəcəyini bildirir, demokratik düşərgəni birgə fəaliyyətə, yerli və beynəlxalq ictimaiyyəti bu mübarizəyə daha fəal dəstək verməyə çağırır”.
Fevralın 9-u Azərbaycanda parlament seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrini ləğv edib. İndiki rəsmi hesabata əsasən, 121 mandatın 70-i hakim Yeni Azərbaycan Partiyasına qismət olur. Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 40 nəfər isə partiyasızdır.
Bir çox müxalif partiya seçkinin nəticələrinin ləğvini istəyir. 16 fevral aksiyasının əsas təşkilatçıları olan Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası və “D18” Hərəkatı bu tələbləri irəli sürüb:
– 9 fevral parlament seçkisinin nəticələri ləğv edilsin;
– söz və ifadə, sərbəst toplaşmaq azadlığı və digər fundamental insan haqları təmin edilsin, siyasi məhbuslar dərhal buraxılsın;
– Seçki Məcəlləsinə müxalifətin, Avropa Şurasının və ATƏT-in təklifləri əsasında əlavə və dəyişikliklər edilsin;
– Avropa İnsan Hüquqları Məhkəməsinin seçkilərə aidiyyəti olan qərarları təcili icra olunsun və Azərbaycan Milli Məclisinə yeni seçki keçirilsin.
Milli Şura nəticələrlə barışmamağa çağırır
Avropa 9 fevral seçkisinə nə deyir?
Seçkinin rəsmi nəticələrinə etiraz olaraq aksiya keçirilib
İsa Qəmbər və daha səkkiz namizəd birgə tələb irəli sürdü
Aksiyada xəsarət alan müsavatçının vəziyyəti necədir?
Baş redaktor qanını MSK-da yuyub
11 fevral aksiyasının təşəbbüskarı nə ilə üzləşib?
Paytaxt hakimiyyəti aksiya yeri ilə razılaşmır
YAP-çı namizədin rəqibləri yenidən seçki tələb edir
Bir dairənin 11 namizədi seçkinin rəsmi nəticəsini tanımır
Aksiyada xəsarət alan jurnalistin açıqlaması
Prokurorluq Mustafanın döyülməsini araşdırır
9 saylı dairədə 7 namizəd rəsmi nəticəni tanımır
Nəticələri ləğv olunan dairələr
Cəzalı dörd dairə üzrə qərarlardan
“Seçkinin nəticəsi ləğv olunmalıdır”