Ədliyyə Nazirliyi 2019-cu ilin hesabatını yayıb. Rəsmi məlumata görə, 2019-cu ildə nazirlik əvvəlki illə müqayisədə 30 faiz çox – 2300-dək normativ hüquqi akt layihəsi hazırlayıb, 3800-dən artıq akt hüquqi ekspertizadan keçirilib: “Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə 4800-dən çox sənəd daxil edilib. Həmin elektron resurslara girişlərin sayı il ərzində 50 faizdən çox artaraq 2 milyona çatıb.
2019-cu ildə notariat ofislərində əvvəlki illə müqayisədə 21 faiz çox – 5,3 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 327 minə yaxın əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 10 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 53 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.
2019-cu ildə 200-dən çox qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 70-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4600-ə yaxınlaşıb, mətbu nəşrlərin sayı isə təxminən 5300-dür.
Ötən il 485 min icra sənədinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın, dövlət büdcəsinə 14,3 milyon manat vəsait ödətdirilib.
Azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib, dövlət büdcəsinə cərimə və islah işlərinin icrası ilə bağlı 2,5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 4,7 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.
2019-cu ildə 78500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7000 hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib”.