Fevralın 16-sı Bakının Binəqədi rayonunda, Mərkəzi Seçki Komissiyasının binası qarşısında mitinq keçirilməsinə cəhd göstərilib. Saat 15-ə təyin olunmuş aksiyanın əsas təşkilatçıları Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası və “D18” Hərəkatıdır. Fevralın 9-da keçirilmiş parlament seçkisinin ilkin rəsmi nəticələrindən narazı qalan bu qurumların rəsmiləri və bəzi müstəqil namizədlər fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Məktubda qeyd olunub ki, fevralın 16-sı saat 15-də “28 May” metro stansiyasının qarşısındakı meydanda etiraz mitinqi keçiriləcək.
Fevralın 12-də Bakı Şəhər İcra Hakimiyyəti 16 fevral aksiyasını “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirməyə razılıq vermədiyini bəyan edib, aksiya üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsini, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunu ünvan göstərib.
16 fevral aksiyasının təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edərək mitinq üçün başqa ünvanlar göstərib: 20 Yanvar küçəsi, 2527-dəki məhəllə stadionu (“Moskva” univermağının yaxınlığı); Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan; Nəriman Nərimanov küçəsi, 55-də yerləşən “Cıdır” restoranının qarşısındakı meydan; Hüseyn Cavidin heykəlinin ətrafındakı park (Milli Elmlər Akademiyasının yaxınlığı); Mərkəzi Park (Akademik Milli Dram Teatrının yaxınlığı).
Fevralın 14-də Bakı Şəhər İcra Hakimiyyəti həmin ünvanlarda da mitinq keçirməyə razılıq verməyib, bəyan edib ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionu variantı qüvvədə qalır. Təşkilatçılar isə aksiyanı fevralın 16-sı saat 15-ə Binəqədi rayonuna, Mərkəzi Seçki Komissiyasının binası qarşısına təyin ediblər.
“Turan”ın məlumatına görə, fevralın 16-da, aksiyadan əvvəl polis Müsavat Partiyasının başqanı Arif Hacılını, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, “D18” Hərəkatının rəhbəri Ruslan İzzətlini və bir çox fəalı, deputatlığa namizədi saxlayıb. Mərkəzi Seçki Komissiyasının qarşısı və həndəvəri, eləcə də metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan polis nəzarətinə götürülüb.
Bir çox gənc fəal Mərkəzi Seçki Komissiyasının yaxınlığında toplaşmağa nail olaraq “Azad seçki!” şüarı səsləndiriblər. Ərazidə, o cümlədən metronun “Azadlıq prospekti” stansiyasının qarşısında tutulanlar var.
Müsavat Partiyası Respublikaçı Alternativ Partiyasının yaratdığı blok, “D18” Hərəkatının daxil olduğu blok 125 dairə üzrə keçirilmiş 9 fevral seçkisində üst-üstə 100-dən çox namizədlə yarışıblar. İlkin nəticələrə əsasən, yalnız Respublikaçı Alternativ Partiyasından Erkin Qədirli 16 saylı Yasamal dairəsindən deputat mandatı alır.
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilir.
Milli Şura nəticələrlə barışmamağa çağırır
Avropa 9 fevral seçkisinə nə deyir?
Seçkinin rəsmi nəticələrinə etiraz olaraq aksiya keçirilib
İsa Qəmbər və daha səkkiz namizəd birgə tələb irəli sürdü
Aksiyada xəsarət alan müsavatçının vəziyyəti necədir?
Baş redaktor qanını MSK-da yuyub
11 fevral aksiyasının təşəbbüskarı nə ilə üzləşib?
Paytaxt hakimiyyəti aksiya yeri ilə razılaşmır
YAP-çı namizədin rəqibləri yenidən seçki tələb edir
Bir dairənin 11 namizədi seçkinin rəsmi nəticəsini tanımır
Aksiyada xəsarət alan jurnalistin açıqlaması
Prokurorluq Mustafanın döyülməsini araşdırır
9 saylı dairədə 7 namizəd rəsmi nəticəni tanımır
Nəticələri ləğv olunan dairələr
Cəzalı dörd dairə üzrə qərarlardan