AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli 9 fevral parlament seçkisinin ilkin nəticələrinin dörd dairə üzrə ləğvini şərh edib.
125 dairədə keçirilmiş 9 fevral seçkisi üzrə şikayətlərə baxan Mərkəzi Seçki Komissiyası 33, 35, 74 və 80 saylı dairələrdəki səsvermənin nəticələrini etibarsız sayıb. Qərarlar fevralın 13-də çıxarılıb.
33 saylı Xətai dairəsində Yeni Azərbaycan Partiyasının namizədi, deputat Hüseynbala Mirələmov, 35 saylı Xətai dairəsində partiyasız namizəd Rauf Arifoğlu, 74 saylı Lənkəran kənd dairəsində Yeni Azərbaycan Partiyasının namizədi, deputat Hadı Rəcəbli, 80 saylı İmişli-Beyləqan dairəsində partiyasız namizəd, deputat Çingiz Qənizadə liderlik edirdi.
Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan Əli Kərimli qeyd edir ki, dörd dairədə nəticələr ləğv olunub, daha bir neçə dairə üzrə də eyni qərarlar verilə bilər: “Sizcə, burada məqsəd nədir? Ədaləti, hüququ bərpa etməkmi? Qətiyyən yox. Xalqın tələbini nəzərə almaqmı? O da deyil. Məqsəd “qazanın qapağını qaldırmaqla” seçki saxtakarlığının yaratdığı gərginliyi bir az azaltmaqdır.
Seçkidəki total saxtakarlıq həm də “islahat” təbliğatçılarını çox pis vəziyyətə salıb. “Yazıqlar” xalqın qorxusundan daha islahat adı çəkə bilmirlər. İndi 6-7 dairəni ləğv etməklə həm də həmin “islahat” təbliğatçılarını süni nəfəs aparatına bağlayacaqlar ki, tamam məhv olmasınlar, “islahatların” nəfəsinin hələ gəlib-getdiyini desinlər.
Ancaq hökumətin xalqı aldatmaq şansı artıq bitib. Seçkinin nəticəsi ölkə boyu ləğv olunmalıdır. Xalqın tələbi budur!”
Nəticələri ləğv olunan dairələri nəzərə alanda hakim Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilir. Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 40 nəfər isə partiyasızdır.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Bu qurum fevralın 9-da keçirilmiş parlament seçkisinə qatılmayıb. Seçkidən sonra Milli Şuranın yaydığı bəyanatda qeyd olunub ki, parlament seçkisi kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçib: “Ölkə boyu əldə olunan məlumatlar seçkinin nəticələrinin tamamilə saxta olduğunu və xalqın iradəsini əks etdirmədiyini göstərir. Seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlar barədə müxtəlif informasiya mənbələrində, sosial şəbəkələrdə saysız-hesabsız məlumatlar, foto və videolar yayılıb. Bu məlumat və çəkilişlər seçkinin nəticələrini bütövlükdə ləğv etməyə yetərli sayıla bilər.
Milli Şura seçki prosesinin əvvəldən azad və ədalətli seçkiyə uyğun olmadığını və səsvermə günü baş verənləri nəzərə alaraq bəyan edir ki, 9 fevral seçkisi xalqın iradəsini ifadə etmir və tamamilə saxtadır. Bu parlament Əliyevlərin razılıq verdiyi siyahı üzrə əvvəlcədən formalaşdırılıb və Azərbaycan xalqını təmsil edə bilməz”.