Fevralın 9-da keçirilmiş parlament seçkisində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən namizəd olmuş Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli təəssüratlarını bölüşüb.
16 namizədin yarışdığı həmin dairədə hakim Yeni Azərbaycan Partiyasından Səbinə Xasayeva önə çıxıb.
Novator.az-ın məlumatına görə, Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazır ki, siyasi təşkilatların, müstəqil namizədlərin seçkiyə getmək qərarı ən doğru qərar idi: “Ölkə üzrə 200-ə yaxın müxalif, əsl müstəqil namizədlərin, onların 5-6 minə yaxın müşahidəçilərinin, fədakar jurnalistlərin seçki prosesinə qoşulması 9 fevralda bir çox rəzalətli pozuntunun üzə çıxmasında həlledici rol oynadı. Seçkidə iştirak olmasaydı, cəmiyyətdə hökumətin seçki institutu ilə məzələnməsinə belə kəskin, sərt reaksiya olmazdı. İştirak ən doğru qərar idi.
Bu seçkidə son illər səsləndirdiyimiz iki tezis də özünü tam doğrultdu: İllərdir deyirik ki, ölkədə yeni nəsil yetişib, bu nəsil müstəqillik dövründə formalaşıb, tam fərqli düşüncə tərzi olan, savadlı, ruhən azad, heç bir süni avtoriteti qəbul etməyən gözəl insanlardır – bu seçki məhz onların üzə çıxması və siyasi prosesə toxunması ilə yadda qaldı. İşin ən gözəl tərəfi odur ki, onlarda heç bir xəyal qırıqlığı yaranmayıb – tam tərsi, daha böyük əzm formalaşıb.
Bu seçki illərdir dediyimiz bir məsələni də sübut etdi – ölkədə ən aktiv kəsim orta sinif, kiçik və orta sahibkarlar, kiçik məmurlardır. Onlar seçki plakatlarını öz obyektlərinə vurmaqdan çəkinmədilər, maddi-mənəvi dəstək göstərdilər, seçkiyə də əsasən onlar gəldi. Yəni özü gələnlər onlar idi, gətirilənlər daha az təminatlı və büdcədən asılı kəsim idi – bir daha sübut olundu ki, rifah halı yüksəldikcə ölkədə demokratik dəyişiklik zəmini daha güclü və dayanıqlı olacaq.
Hökumət isə bir məsələni anlamalıdır – 21-ci əsrdir, hər kəsin əlində smartfon, internetə çıxış imkanı varsa, seçkiləri 20-ci əsrin kənd soveti seçkiləri kimi keçirmək olmaz, bu mümkün deyil! Ya gərək hamımızın əlindən smartfonları, planşetləri alıb ölkədə interneti də lap girişdən söndürəsiz, ya da ölkənin, cəmiyyətin dəyişdiyini anlayıb siz də dəyişəsiz – başqa yol yoxdur”.
1972-ci il təvəllüdlü Natiq Cəfərli Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1996-cı ildən biznes fəaliyyəti ilə məşğul olub. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirib.
125 dairədə keçirilmiş 9 fevral seçkisi üzrə şikayətlərə baxan Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrini ləğv edib. Qərarlar fevralın 13-də çıxarılıb.
Nəticələri ləğv olunan dairələri nəzərə alanda Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilir. Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 40 nəfər isə partiyasızdır.