Fevralın 9-da keçirilmiş parlament seçkisinin ilkin rəsmi nəticələrindən narazı qalan Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, “D18” Hərəkatının rəsmiləri və bəzi müstəqil namizədlər fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdilər. Məktubda qeyd olunmuşdu ki, fevralın 16-sı saat 15-də “28 May” metro stansiyasının qarşısındakı meydanda etiraz mitinqi keçiriləcək.
Fevralın 12-də Bakı Şəhər İcra Hakimiyyəti 16 fevral aksiyasını “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirməyə razılıq vermədiyini bəyan edib, aksiya üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsini, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunu ünvan göstərib.
Novator.az-ın məlumatına görə, 16 fevral aksiyasının təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edərək mitinq üçün başqa ünvanlar göstərib:
20 Yanvar küçəsi, 2527-dəki məhəllə stadionu (“Moskva” univermağının yaxınlığı);
Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan;
Nəriman Nərimanov küçəsi, 55-də yerləşən “Cıdır” restoranının qarşısındakı meydan;
Hüseyn Cavidin heykəlinin ətrafındakı park (Milli Elmlər Akademiyasının yaxınlığı);
Mərkəzi Park (Akademik Milli Dram Teatrının yaxınlığı).
Fevralın 14-də Bakı Şəhər İcra Hakimiyyəti həmin ünvanlarda da mitinq keçirməyə razılıq verməyib, bəyan edib ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionu variantı qüvvədə qalır.
Təşkilatçılar isə aksiyanı fevralın 16-sı saat 15-ə Binəqədi rayonuna, Mərkəzi Seçki Komissiyasının binası qarşısına təyin ediblər.
Müsavat Partiyası 125 dairə üzrə keçirilmiş 9 fevral seçkisində 64, Respublikaçı Alternativ Partiyasının yaratdığı blok 31, “D18” Hərəkatının daxil olduğu blok 20-yə yaxın namizədlə yarışıb. İlkin nəticələrə əsasən, yalnız Respublikaçı Alternativ Partiyasından Erkin Qədirli 16 saylı Yasamal dairəsindən deputat mandatı alır.
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilir.