Fevralın 9-u 125 dairədə keçirilmiş parlament seçkisi üzrə şikayətlərə baxan Mərkəzi Seçki Komissiyası 33, 35, 74 və 80 saylı dairələrdəki səsvermənin nəticələrini ləğv edib. Qərarlar fevralın 13-də çıxarılıb.
33 saylı Xətai dairəsində Yeni Azərbaycan Partiyasının namizədi, deputat Hüseynbala Mirələmov, 35 saylı Xətai dairəsində partiyasız namizəd Rauf Arifoğlu, 74 saylı Lənkəran kənd dairəsində Yeni Azərbaycan Partiyasının namizədi, deputat Hadı Rəcəbli, 80 saylı İmişli-Beyləqan dairəsində partiyasız namizəd, deputat Çingiz Qənizadə liderlik edirdi.
Novator.az Mərkəzi Seçki Komissiyasının 13 fevral qərarlarının hansı əsaslarla verilməsinə nəzər salıb.
33 saylı Xətai dairəsi üzrə qərardan:
– Sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilmiş aktlar, fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçkinin nəticəsinə təsir edə biləcək, yəni seçki qanunvericiliyinin pozulması, protokolların surətinin müşahidəçilərə verilməməsi və seçki prosesinə müdaxilə iddiaları öz təsdiqini tapıb.
Baxış nəticəsində 6, 11, 15, 19 və 26 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilib.
6, 11 və 15 saylı seçki məntəqələrində səslərin söz və rəqəmlə yazılışında yolverilməz düzəlişlər və fərqlər, 19 və 26 saylı seçki məntəqələrində namizədlərə verilmiş etibarlı hesab edilmiş səslərin ümumi saya uyğun olmaması, balansın pozulması, seçicilərə verilmiş bülletenlərlə səsvermə qutusundan çıxan bülletenlərin sayı arasında fərqlər, bəzi namizədlərə aid səslərə sonradan düzəlişin edilməsi halları müəyyən edilib.
35 saylı Xətai dairəsi üzrə qərardan:
– Araşdırma nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlanıb. Təqdim olunmuş elektron məlumat daşıyıcılarında olan materiallarla müqayisəli tədqiq əsnasında həmin protokollara əsasən səsvermədə iştirak etmiş seçicilərlə bağlı statistik göstəricilər və namizədlər arasında səslərin bölünməsinə dair məlumatlarda uyğunsuzluqlar müəyyən edilib.
Araşdırma ilə müəyyən edilib ki, seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 saylı seçki məntəqələrində səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı yol verilmiş qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən səslərin yenidən sayılması istisna edilir.
74 saylı Lənkəran kənd dairəsi üzrə qərardan:
– Sosial şəbəkələr vasitəsilə edilən paylaşımlar, təqdim edilmiş aktlar, həmçinin video görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçkinin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulmasının baş verdiyi, seçki məntəqəsində səsvermənin nəticələrinin elan edilməməsi, protokolların surətinin müşahidəçilərə verilməməsi və seçki prosesinə müdaxilə edilməsi iddiaları öz təsdiqini tapıb.
Baxış nəticəsində 2, 3, 5, 6, 8, 9, 10, 13, 17, 19, 20, 22, 29, 31, 32 və 35 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair yekun protokollarında seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilib.
2, 3, 5, 6, 8, 9, 10, 13, 17, 19, 20, 22, 29, 31, 32 və 35 saylı seçki məntəqələrinin yekun protokollarında səslərin söz və rəqəmlə yazılışında qanunvericiliyin tələbinə əməl edilməyib, yolverilməz düzəlişlər və fərqlər, namizədlərə verilmiş etibarlı hesab edilmiş səslərin ümumi saya uyğun olmaması, balansın pozulması, seçicilərə verilmiş bülletenlərlə səsvermə qutusundan çıxan bülletenlərin sayı arasında fərqlər, bəzi namizədlərə aid səslərə sonradan düzəlişin edilməsi halları üzə çıxıb.
80 saylı İmişli-Beyləqan dairəsi üzrə qərardan:
– Sosial şəbəkələr vasitəsilə edilən paylaşımlar, təqdim edilmiş aktlar, həmçinin video görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçkinin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması və protokolların surətinin müşahidəçilərə verilməməsi iddiaları öz təsdiqini tapıb.
Müəyyən edilib ki, 6, 8, 9, 10, 11, 12, 14, 15, 19, 31, 32, 36, 41, 44, 45, 46, 47 və 48 saylı seçki məntəqələrində səsvermə prosesində və səsvermənin nəticələrinin hesablanmasında Seçki Məcəlləsinin tələbləri ciddi şəkildə pozulub. Bunun nəticəsində həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb.
Səsvermə prosesində seçicinin iradəsini müəyyən etməyə imkan verməyən hallar, seçki bülletenlərinin sol küncünün əvvəlcədən kəsilməsi, səsvermənin nəticələrinin seçki məntəqələrində elan edilməməsi, protokolların surətinin müşahidəçilərə və digər maraqlı subyektlərə verilməməsi və seçkinin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması halları öz təsdiqini tapıb.
5, 16, 18, 20, 22, 26, 27, 29, 30, 33 və 43 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib.
Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda səslərin söz və rəqəmlə yazılışında yolverilməz düzəlişlər, namizədlərə verilmiş etibarlı hesab edilmiş səslərin ümumi saya uyğun olmaması, balansın pozulması, seçicilərə verilmiş bülletenlərlə səsvermə qutusundan çıxan bülletenlərin sayı arasında fərqlər, bəzi namizədlərə aid səslərə sonradan düzəlişin edilməsi halları müəyyən edilib.
Nəticələri ləğv olunan dairələri nəzərə alanda Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilir. Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 40 nəfər isə partiyasızdır.