Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş parlament seçkisinin ilkin nəticələrini açıqlayanda 32 saylı Suraxanı seçki dairəsində hakim Yeni Azərbaycan Partiyasının namizədi Afət Əbil qızı Həsənovanı qalib elan edib.
MSK-nın hesablamasına görə, Afət Həsənova hazırda səslərin 64.9%-ni toplamaqla liderdir.
32 saylı dairədə Afət Həsənovadan başqa daha doqquz namizəd var: Müsavat Partiyasının üzvü İlqar Quliyev və bitərəflər Elçin Baxışov, Fikrət Cəfərli, Anar Əlisəfazadə, Ramil Kərimli, Bəhiyyə Mehdiyeva, Xəyalə Mütəllimova, Yuri Osadçenko, Vəlican Rəcəbov.
Arqument.az onlardan altı nəfərinin (İlqar Quliyev, Elçin Baxışov, Fikrət Cəfərli, Anar Əlisəfazadə, Xəyalə Mütəllimova, Vəlican Rəcəbov) imzası ilə birgə bəyanat yayıldığını xəbər verir.
Bəyanatda deyilir ki, 32 saylı dairədə səsvermə zamanı bütün məntəqələrdə seçkiyə müdaxilə olub, seçicilərin iştirak faizi süni yolla artırılıb, düzgün protokolların təqdim olunmasından imtina edilib, YAP-ın namizədi Afət Həsənovanın xeyrinə total saxtakarlığa yol verilib.
Buna görə də bəyanata imza atan namizədlər 32 saylı dairədə səsvermənin nəticələrini etibarsız sayır və yenidən demokratik, şəffaf seçki keçirilməsini tələb edirlər: “Biz namizədlər inanırıq ki, dövlətin aidiyyəti qurumları seçicilərin və namizədlərin haqlı mövqeyini müdafiə edəcək və saxtakarlıqda rol alanları, dairə və məntəqələrdəki komissiya üzvləri cəzalandırılacaq”.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 125 dairə üzrə keçirilmiş parlament seçkisində prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 72 nəfər deputat seçilir.
Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır.