Fevralın 9-u Azərbaycanda Milli Məclisə seçki keçirildi. Eyni gündə Naxçıvan Muxtar Respublikasında Ali Məclis seçilib.
Novator.az xəbər verir ki, muxtar respublikada Milli Məclisə seçki 7 dairə, Ali Məclisə seçki 45 dairə üzrə reallaşıb, Milli Məclis üzvlüyünə 25 namizəd, Ali Məclis üzvlüyünə 140 namizəd olub.
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, Milli Məclis üzvlüyünə namizədlərin 9 nəfəri Yeni Azərbaycan Partiyasının, 2 nəfəri Böyük Quruluş Partiyasının, 1 nəfəri Sosial Rifah Partiyasının, 1 nəfəri Vahid Azərbaycan Partiyasının nümayəndəsi, 12 nəfəri bitərəf; Ali Məclis üzvlüyünə namizədlərin 87 nəfəri Yeni Azərbaycan Partiyasının, 1 nəfəri Xalq Cəbhəsi Partiyasının nümayəndəsi, 52 nəfəri bitərəf olub.
Seçkiqabağı təşviqat kampaniyası muxtar respublikada parlament seçkisi ilə əlaqədar yanvarın 17-dən, Ali Məclisə seçki ilə əlaqədar yanvarın 28-dən başlanıb və hər iki kampaniya fevralın 8-dək davam edib.
Həm Milli Məclisə, həm də Ali Məclisə seçkilər üzrə məntəqə seçki komissiyaları eyni səsvermə otağında fəaliyyət göstərib. Naxçıvanlı seçicilərə eyni səsvermə otağında həm Milli Məclis, həm də Ali Məclis üzvlərini seçmək hüququ verilib.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası parlament seçkisinin ilkin nəticələrini fevralın 9-u axşamdan açıqlamağa başlayıb.
Həmin nəticələrə görə, Milli Məclisə seçkini Naxçıvan Muxtar Respublikasından 1 saylı Şərur-Sədərək dairəsi üzrə Vasif Talıbov, 2 saylı Şərur dairəsi üzrə İsa Həbibbəyli, 3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsi üzrə Səttar Möhbalıyev, 4 saylı Naxçıvan şəhər dairəsi üzrə Eldar İbrahimov, 5 saylı Şahbuz-Babək dairəsi üzrə Siyavuş Novruzov, 6 saylı Culfa-Babək dairəsi üzrə Ülviyyə Həmzəyeva, 7 saylı Ordubad-Culfa dairəsi üzrə Cəbi Quliyev udur.
Səttar Möhbalıyev bitərəf, qalan şəxslər Yeni Azərbaycan Partiyasının üzvləridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkinin nəticəsi haqda ictimaiyyət üçün hələ heç bir məlumat açıqlanmayıb. Yerli Mərkəzi Seçki Komissiyasının rəsmi saytında 2020-ci ilin fevral seçkisi ilə bağlı ümumiyyətlə heç bir məlumat yoxdur. Ölkənin Mərkəzi Seçki Komissiyasının saytında isə bir qayda olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilər haqda məlumat yerləşdirilmir.
Muxtar respublikanın rəsmi qəzeti olan “Şərq qapısı” qəzetinin 10 fevral sayında yalnız səsvermənin gedişi haqda xəbərlər dərc olunub. Qəzetin həmin sayı çapa hazırlanarkən, yəni fevralın 9-u axşam muxtar respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov “Şərq qapısı”na bildirib ki, Naxçıvanda Milli Məclisə və Ali Məclisə seçkilər 292 açıq və 24 qapalı seçki məntəqəsində keçirilib: “Qeydə alınmış 271 min 771 seçicidən 190 min 668 nəfəri, yəni 70,2 faizi seçkilərdə iştirak edib”.
“Şərq qapısı”nın növbəti saylarında seçki mövzusuna toxunulmur.
Novator.az bildirir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə beş il müddətinə seçilir.
Ali Məclis yerli büdcənin təsdiqi; yerli iqtisadi və sosial proqramların təsdiqi; Naxçıvan Muxtar Respublikası baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi; yerli Nazirlər Kabinetinin tərkibinin təsdiqi və kabinetə etimad; Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi; Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi; Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi kimi məsələləri həll edir.
Naxçıvanda ali vəzifəli şəxs olan Vasif Talıbov 1995, 2000, 2005, 2010, 2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.