Fevralın 11-i axşam Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən aksiyada xəsarət almış müsavatçı Ərzulla Buludov Novator.az saytına açıqlama verib.
Ərzulla Buludov 1960-cı ildə anadan olub. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür, hazırda Suraxanı rayon təşkilatına sədrlik edir. O, 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkisində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd olan müsavatçı Elman Quliyevin vəkilidir.
Fevralın 12-də Novator.az-a açıqlamasında Ərzulla Buludov MSK-nın qarşısında aksiya dağıdılarkən bir neçə polisin fiziki təzyiqinə məruz qaldığını deyib: “Qəflətən üstümə şığıdılar. Qəddarlıqla döydülər. Sonra götürüb avtobusa atdılar. Avtobusda aksiyaçılar və jurnalistlər vardı. Başımdan, qabırğalarımdan və ayağımdan zədə almışdım. Nəfəs almağa çətinlik çəkirdim.
Bizi avtobusda hərləməyə başladılar, gah orada, gah burada buraxacaqlarını dedilər. Vəziyyətim pis idi. Sağ olsun avtobusdakı jurnalistləri. Onların təkidindən sonra məni Kliniki Tibbi Mərkəzə apardılar. Mərkəzdə ultrasəs və rentgen müayinələrindən keçirildim, kardioqramım çıxarıldı. Bütün bu proseslər polis əməkdaşlarının iştirakı ilə reallaşdı. Onlar müayinəni tezləşdirib məni özləri ilə aparmaq istəyirdilər.
Xəstəxanadan çıxanda əraziyə gəlmiş müsavatçıların və jurnalistlərin etirazlarından sonra məndən əl çəkdilər. Evə fevralın 12-nə keçən gecə saat 3-də gəlib çatdım. Ağrıkəsici iynə ilə birtəhər keçindim. Səhər Qaraçuxur qəsəbəsindəki poliklinikada müayinə olundum. Sınıq yoxdur. Ancaq xəsarətin fəsadları özünü bir müddət göstərəcək”.
Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiya fevralın 11-i axşam keçirilib. Aksiyanın əsas təşəbbüsçüsü 10 saylı Binəqədi dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova olub, ona başqa namizədlər və fəallar da qoşulub. Onlar parlament seçkisinin rəsmi nəticələrinə etiraz bildiriblər. Polis aksiyaya müdaxilə edib. Ərzulla Buludovdan başqa Rəbiyyə Məmmədova, jurnalistlər Mustafa Hacıbəyli, Sevinc Abbasova və daha bir neçə şəxs xəsarət alıb.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 125 dairə üzrə keçirilmiş parlament seçkisində prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 72 nəfər deputat seçilir.
Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır.