Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilmiş aksiyanın təşəbbüsçüsü Rəbiyyə Məmmədovanın qoluna gips qoyulub.
Novator.az saytına açıqlamasında Rəbiyyə Məmmədova deyib ki, Kliniki Tibbi Mərkəzdə onu qəbul etmədiklərindən həmin gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib: “Burada mənə dedilər ki, sol əlinin daraq sümüyündə spiral qırıq var, gips qoyulmalıdır. Sarğı otağında həkim qoluma gips qoyanda içəri mülki geyimdə polislər daxil oldular. Onlar otaqda mənimlə kobud davrandılar, üstümə qışqırdılar, məni təhdid etdilər, hətta həkimin gips qoymasına mane olmaq istədilər.
Rəfiqəm sarğı otağının çölündə gözləyirdi. Onu çağırdım, içəri keçə bilmədi, çünki mülki geyimlilər çöldən də, içəridən də qapının ağzını kəsmişdilər. Həkim gips qoymaqdan imtina etmədi. Amma tibbi arayış ala bilmədim. Çünki mülki geyimlilər tibb bacısının yazdığı arayışı alıb cırdılar. Hazırda sol qolum gipsdədir. Ağrılarım var”.
Fevralın 9-da ölkədə parlament seçkisi keçirilib. Seçkiyə qatılanlardan biri də 1987-ci il təvəllüdlü Rəbiyyə Məmmədovadır. O, 10 saylı Binəqədi dairəsindən namizəddir. Bu dairədə seçkini partiyasız namizəd Madər Musayev udur. İş adamı olan Madər Musayev 1995-ci ildən Milli Məclisin deputatıdır.
Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilən oturaq aksiyada parlament seçkisinin rəsmi nəticələrinə etiraz bildirilib.
Aksiyaya Rəbiyyə Məmmədovadan başqa namizədlər və fəallar da qoşulub. Axşam polis aksiyaya müdaxilə edib. Rəbiyyə Məmmədova ilə yanaşı müsavatçı Ərzulla Buludov, jurnalistlər Mustafa Hacıbəyli, Sevinc Abbasova və daha bir neçə şəxs xəsarət alıb.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 125 dairə üzrə keçirilmiş parlament seçkisində prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 72 nəfər deputat seçilir.
Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır.