İqtisadçı Rövşən Ağayev parlamentin iqtisadi qərarların qəbulunda rolunu artırmağı təklif edir. Novator.az-ın məlumatına görə, ekspert Bakuresearchinstitute.org saytında yayılan məqalədə qeyd edir ki, qarşıdakı 10 il Azərbaycan üçün çox məsuliyyətli dövrdür: “Dünya “enerji transformasiyası” adlanan mərhələyə qədəm qoyub. Bir tərəfdən alternativ enerji mənbələrinin gücünün, o biri tərəfdən texnologiyanın inkişafı nəticəsində ənənəvi enerji mənbələrinə qənaətin sürətlə artması təbii resurslara tələbatın azalması ilə müşayiət edilir. Bu, dünya birjalarında xam neft və təbii qazın ucuzlaşmasına, resurs ixracatçılarının ciddi gəlir itkisinə səbəb olur.
Bunları nəzərə alsaq, fevralın 9-da seçilən yeni parlament ciddi makroiqtisadi risklər və onların doğuracağı sosial-iqtisadi kataklizmləri yaxşı qiymətləndirməyi bacarmalı, iqtisadi siyasətin formalaşdırılmasında və həyata keçirilməsinə nəzarətdə fəal olmalıdır.
İlk növbədə dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin parlamentə daha erkən – sentyabrın 25-dən gec olmayaraq daxil edilməsi, sentyabrın 30-dan gec olmayaraq deputatlara paylanması təmin edilməlidir.
Yeni parlament hökumətin nəticə və proqram əsaslı büdcəyə keçidinin maksimum iki-üç il ərzində başa çatdırılmasına nail olmalıdır – effektiv büdcə nəzarəti funksiyasının reallaşdırlması məhz bu mexanizmlərin reallşadırılmasından keçir. Nəticə əsaslı büdcə mexanizmi parlamentə hər manatın hara və necə xərcləndiyini, cəmiyyətin bu xərcləmədən hansı faydanı götürdüyünü sormaq imkan verəcək.
Bu əsnada parlament müzakirələrin formatını da dəyişməlidir. Növbəti dövr üzrə planlanan hər sahənin büdcəsini bu sahəyə məsul şəxs təqdim etməli, həmin büdcənin icrası bitdikdən sonra eyni səlahiyyətli şəxs icra hesabatı təqdim etməli, parlamentin bütün suallarını cavablandırmalıdır.
Parlamentin büdcə müzakirələri çərçivəsində vətəndaş cəmiyyəti və maraq qrupları ilə debatlar təşkil edilməlidir. Qanunverici orqanın nəzdində peşəkar ekspertlərdən ibarət büdcə ofisi təşkil etmək də olar.
İctimai maliyyə – istər kreditlər, istərsə də büdcə vəsaitləri hesabına investisiya layihələri ilə bağlı bütün qərarları parlament verməlidir. Bütövlükdə büdcə xərcləmələri, büdcənin dəyişdirilməsi ilə bağlı icra hakimiyyətinin səlahiyyətləri maksimum məhdudlaşdırılmalı, bu məsələlər parlamentin müstəsna səlahiyyətləri çərçivəsində olmalıdır.
Bu istiqamətdə ən vacib məsələlərdən biri Hesablama Palatasının rolunun və imkanlarının gücləndirilməsidir. Palata hər il bütün büdcə qurumlarının səmərəlilik auditini aparmalı, auditin tam nəticələrini parlamentə təqdim etməlidir.
Parlamentdə ayrıca maliyyə-büdcə komitəsi yaradılması da doğru olardı.
Hökumətin hesabatlılığı istiqamətində isə dəyişikliklər iki yöndə baş verməlidir. Nazirlər Kabineti hər il mart ayının ilk yarısında parlamentə hesabat verir. Bu hesabatın təqdim edilmə formatının dəyişdirilməsinə ehtiyac var. Hesabat nəticə əsaslı, əvvəlki ildə müəyyən olunmuş öhdəliklər, həmin öhdəliklərin icrasını qiymətləndirməyə imkan verən indikatorlar əsasında hazırlanmalıdır. Eyni zamanda hökumət parlamentin qarşısına tam tərkibdə çıxmalı, hər bir sahə üzrə hesabatla bağlı məsul şəxslər özləri çıxış etməlidirlər. Hesabatlar ən azından parlamentin üç-dörd iclasında geniş dartışılmalıdır.
Digər mühüm istiqamət hökumət üzvlərinin maliyyə və əmlak məlumatlarının açıqlığıdır. 2005-ci ildə vəzifəli şəxslərin gəlir və əmlakının bəyan edilməsinə dair qanun qəbul edilsə də, parlament bu mexanizmin hansı səbəbdən işləməməsinin qayğısına qalmadı. Yeni seçilən parlament dərhal bu problemi qaldırmalı, həmin qanunun yenidən işlənməsini təmin etməlidir. Amma gərək yeni deputatlar özləri də məmurlara nümunə olub sərvətlərini cəmiyyətə açıqlasınlar.
Parlamentin fəaliyyəti iqtisadi qanunların qəbulu ilə məhdudlaşmamalıdır. Hökumət sosial-iqtisadi sahədə həyata keçirdiyi bütün proqram və strategiyaların layihələrini müvafiq parlament komitələri ilə açıq debatlarda müzakirə etməli, hər bir icra edilmiş proqrama sərf edilən vəsaitin, iqtisadiyyatın götürdüyü faydaların hesabatı verilməlidir.
Yeni parlamentdən daha bir gözlənti 14 ilə yaxın müddətdə müzakirəsi yarımçıq saxlanmış Rəqabət Məcəlləsinin qəbuluna nail olmaqdır. Bu sənəd ölkədə avtonom və geniş müstəqilliyə malik antiinhisar orqanının yaradılmasına, həmin orqanın bütün bazar seqmentlərində inhisarçılığın müntəzəm monitorinqinə yaşıl işıq yandıra biləcək səlahiyyətlər qazanmasına zəmanət verməlidir.
Nəhayət, yeni parlament təcili olaraq əks-mərkəzləşmə strategiyasının qəbuluna, ölkədə regional idarəetmənin təkmilləşdirilməsi və yerlərdə seçkili institutların həlledici səlahiyyət sahibinə çevrilməsinə təşəbbüs göstərməlidir”.