ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası nümayəndələrinin yaratdığı Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) fevralın 9-u Azərbaycanda keçirilmiş parlament seçkisi ilə bağlı ilkin rəyini açıqlayıb. “Turan”ın məlumatına görə, rəydə qeyd olunur ki, 9 fevral seçkisi demokratiya normalarına uyğun olmayıb və əhalinin iradəsinin azad ifadəsi sayıla bilməz: “Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit seçkidə əsl rəqabətə maneçilik törədib. Real siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə düşünülmüş seçim verilməyib. Bir çox namizəd seçicilərlə əlaqə yaratmaq üçün sosial şəbəkələrdən istifadə edib, lakin bu, kampaniyanın ənənəvi mediada işıqlandırılmasını kompensasiya etməyib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurasının Venesiya Komissiyasının media azadlığı və namizədlərin qeydiyyatı ilə bağlı çoxdankı tövsiyələri yerinə yetirilməyib. Avropa İnsan Hüquqları Məhkəməsi azad seçki hüququnun pozulmasına dair 23 iş üzrə qərar qəbul edib, lakin heç bir qərar icra olunmayıb”.
Rəyə əsasən, müşahidəçilər çoxsaylı pozuntular qeydə alıblar, bu da ən çox səslərin hesablanması zamanı baş verib: “İfadə azadlığına və məlumat əldə etmək hüququna konstitusiyada zəmanət verilməsinə baxmayaraq əsas qanunvericilik ciddi şəkildə məhdudlaşdırılıb. Ənənəvi media seçicilərə yarış iştirakçıları və onların platformaları haqda məlumat verməyib, yayım tədbirləri işıqlandırılmayıb. İctimaiyyət əsl siyasi müzakirələrdən məhrum olub.
Seçki günü səsvermə məntəqələrinin 7 faizi mənfi qiymətləndirilib. Bu, yüksək göstəricidir və ciddi prosedur çatışmazlığını göstərir.
Seçicilərin barmaqlarının məcburi işarələnməsi çox vaxt gözdən yayınıb, müşahidəçilər seçki qutularına topa bülletenlərin atılması və qrup halında səsvermə faktlarının olduğunu bildiriblər. Hesabatların yarıdan çoxunda səslərin sayılması mənfi qiymətləndirilib”.
Xarici İşlər Nazirliyi Beynəlxalq Seçki Müşahidə Missiyasının rəyinə münasibət bildirərək bunları vurğulayıb: “Çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğunu görürük. Mərkəzi Seçki Komissiyasının sədrinin bəyan etdiyi kimi, iddia olunan və özünü büruzə verən pozuntular müfəssəl araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcək”.
İlkin nəticələrə görə, 125 dairə üzrə keçirilmiş parlament seçkisində prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 72 nəfər deputat seçilir.
Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır.