Fevralın 9-da keçirilmiş parlament seçkisində iştirak etmiş Müsavat Partiyası ilkin rəyini yayıb. Novator.az-ın məlumatına görə, rəydə deyilir ki, 9 fevral seçkisi seçkiqabağı demokratik mühitin, müvafiq qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının olmadığı şəraitdə keçirilib: “Seçki ərəfəsində demokratik şərait olmayıb. Söz və ifadə azadlığı pozulub. Müstəqil və müxalif qəzetlər, saytlar bağlanıb. Jurnalistlər və bloqçular müxtəlif bəhanələrlə həbs edilib Sərbəst toplaşmaq azadlığı demək olar ki, ləğv olunub.
Ölkədə 100-dən artıq siyasi məhbus var. Siyasi məhbuslar əsasən jurnalistlər, bloqçular, siyasi fəallar, ictimai sektorun və inanclı kəsimin nümayəndələridir.
Demokratik seçkilərin keçirilməsinə imkan verməyən seçki qanunları dəyişdirilməyib. Müxalifətin və beynəlxalq qurumların seçki qanunvericiliyində dəyişikliklərlə bağlı təklifləri hətta müzakirəyə qəbul edilməyib.
Namizədlərin qeydə alınmasının alternativ qaydalarının tətbiqi, seçki kampaniyası və təşviqat kampaniyası dövrünün uzadılması, seçki komissiyalarının iddiaçı tərəflərin etimad göstərdiyi qaydada, paritet əsaslarla formalaşdırılması, ictimai diskussiyaların, siyasi debatların təşkil edilməsinin məcburiliyi barədə müddəaların qanunla qəbul olunması, proporsional seçki sisteminin bərpası və digər təkliflər cavabsız qalıb”.
Müsavat Partiyası 83 seçki dairəsindən 88 namizəd irəli sürdüyünü, 60 seçki dairəsi üzrə 64 namizədinin qeydə alındığını vurğulayır: “Seçki günü Müsavat Partiyasından olan 2000-dək müşahidəçi, səlahiyyətli nümayəndələr müşahidə aparıb. Bir çox dairə seçki komissiyası Müsavat Partiyasının namizədlərinin təyin etdiyi məşvərətçi səs hüquqlu komissiya üzvlərini qanuna zidd olaraq qeydə almaqdan imtina edib.
Seçki günü bir çox qanun pozuntuları və saxtakarlıqlar davam edib. Bir çox məntəqələrdə müşahidəçilər məntəqələrə buraxılmayıb. Müşahidəçilər üçün normal müşahidə imkanları yaradılmayıb. Seçki qutuları standartlara uyğun olmayıb.
Qutulara topa halda bülletenlərin atılması halları tez-tez təkrarlanıb. “Karusel” əməliyyatında iştirak edən, müvafiq seçki dairələrinin ərazisində yaşamayan şəxslərə səs vermək imkanı yaradılıb.
Seçkidə seçici aktivliyi müşahidə edilməyib. Müsavat Partiyasının təyin etdiyi müşahidəçilərin verdikləri məlumatlara əsasən, seçkidə iştirak edənlərin ümumi sayı 12-15%-dən artıq olmadığı halda bu rəqəm azı üç dəfə şişirdilib. Səslərin sayılması zamanı da qanun pozuntuları və saxtakarlıqlara yol verilib”.
9 fevral seçkisinin azad və ədalətli olmadığını bəyan edən Müsavat Partiyası nəticələrin ləğv edilməsini; ölkədə ciddi siyasi islahatların həyata keçirilməsini; seçkiqabağı demokratik şəraitin yaradılmasını; söz və ifadə, sərbəst toplaşmaq və digər fundamental insan haqlarının təmin edilməsini; siyasi məhbusların dərhal azadlığa buraxılmasını; Seçki Məcəlləsinə müxalifətin və beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla əlavə və dəyişikliklərin edilməsini; bərabərhüquqlu siyasi rəqabət şəraiti yaradılmaqla Milli Məclisə yeni seçki keçirilməsini istəyir.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 125 dairə üzrə keçirilmiş parlament seçkisində prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 72 nəfər deputat seçilir.
Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır.